20 Fevral 2018 12:50
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Ramidə İbrahimova ifadə verib.

O, bildirib ki, Bakıda poliknikaların birində baş həkim işləyib: “Təqsirləndirilən Hikmət Nəcəfli mənə zəng edərək görüşmək istədi. Mən isə imtina etdim. Qəzetlərində mənim haqqımda yazılar yazıldı. Sonra Səhiyyə Nazirliyindən yoxlama gəldi. Nəşriyyatın binasına getdim. Orada məni Hikmət müəllim qarşıladı. Əvvəl məndən 2000 manat istədi, 500 manat verdim. Dedim, həyat yoldaşın üçün hədiyyə alarsan. Bir qədər keçəndən sonra haqqımda yenə yazılar getdi. Buna görə də 200 manat verdim”.

Daha sonra zərərçəkmiş şəxs qismində Respublika Turizm və Ekskursiyalar Şurasının sədri Fikrət Nuriyev, Xırdalandakı dövlət bağçasının müdiri Könül İbrahimova ifadə veriblər. Onlar təqsirləndirilən şəxslər tərəfindən şantaj olunduqlarını bildiriblər.

Digər zərərçəkimş Şəfiqə Balaşova deyib ki, Hikmət Nəcəfli ondan hədə-qorxu yolu ilə 500 manat alıb.

Hikmət Nəcəfli bildirib ki, zərərçəkmiş əxlaqsızlıq yuvası saxlayıb, əvvəllər insan alveri üstündə məhkum olunub.

Növbəti proses martın 1-də davam edəcək.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.


Müəllif: Hacı Zeynalov