17 Mart 2018 10:21
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda dəhşətli qətl və quldurluq hadisəsi törətməkdə təqsirli bilinən 24 yaşlı Babək Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan hazırlıq iclasında Babək Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Prosesdə çıxış edən prokuror bildirib ki, cinayət işi üzrə ibtidai istintaqı aparan orqan prosessual qaydalara əməl edib, işin dayandırılmasına və ya geri qaytarılmasına heç bir səbəb yoxdur.

Prokuror bildirib ki, cinayət işi düzgün olaraq adiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. O, çıxışının sonunda cinayət işinin məhkəmə baxışına verilməsini tələb edib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmə baxış iclası martın 27-nə təyin edilib.

İttihama görə, ötən il avqustun 5-də naməlum şəxs Gədəbəy rayonunun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul istəyib.

Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus “Nokia” markalı telefonu götürərək hadisə yerindən gedib.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.

Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilib.

İlkin təhqiqat zamanı Babək Məmmədovun rayon ərazisində daha bir analoji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətdiyi də müəyyənləşdirilib.

Belə ki, 2016-cı il noyabrın 26-da gecə vaxtı Babək Məmmədov Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə pəncərədən daxil olub, onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən 50 manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını ələ keçirib.

Təqsirləndirilən şəxs Babək Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini, 71 yaşlı Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.


Müəllif: Hacı Zeynalov