23 May 2018 14:19
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanova sui-qəsd edən etməkdə təqsirli bilinənlərin məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşı Rövşən Camalov ifadə verib.

O, bildirib ki, Arif Alışanova qarşı sui-qəsdlə bağlı idarəyə məlumat daxil olub: “Rəhbərlik dərhal həmin şəxsin müraciəti əsasında araşdırma əmri verdi. Həmin şəxs bildirdi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik”.

Rövşən Camalovun sözlərinə görə, bir müddət keçdikdən sonra həmin şəxs onlara Şamaxıda Arif Alışanovun hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyi barədə məlumat verib: “Dərhal hadisə yerinə post-patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu da təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi”.

Şahidin ifadəsinə görə, Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içində olduğu avtomobilə baxış keçirməyini istəyib: “Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Həmin avtomobilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlandı. Şücayət Əkbərov ifadəsində bu silahların ona deyil, başqasına məxsus olduğunu bildirdi”.

Növbəti proses mayın 25-də davam edəcək.

***

13:05

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Arif Alışanovun sürücüsü Hacı Babayev ifadə verib.

Daha sonra o, təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandırıb.

Hacı Babayev bildirib ki, torpaqların alqı-satqı işini Şücayət Əkbərov həyata keçirib. Onun sözlərinə görə, özü yalnız sənədlərə imza atıb: “Torpaqların alınması üçün Arif Alışanov mənim adıma etibarnamə verməyib. Şücayət torpaqları Arif müəllimin pulu ilə alırdı. Torpaqların alınması məsələsini də Şücayətdən Arif müəllimin özü xahiş edirdi”.

Hacı Babayev qeyd edib ki, təqsirləndirilən şəxslər tərəfindən sui-qəsd olunan zaman ona heç bir zərər dəyməyib.

Təqsirləndirilən Şücayət Əkbərov bildirib ki, Arif Alışanov Hacı Babayevin adına 340 hektar torpaq alıb. Qeyd edib ki, həmin torpaqlara Arif Alışanov 7 milyon manat ödəyib.

Daha sonra şahid qismində ifadə verən Vidadi Cəfərov bildirib ki, Arif Alışanov onun qayınıdır: "Təsərrüfat qurmaq üçün 200 min manat pul vermişəm. 2017-ci ildə Arif Alışanovun aldadılmasını eşitdim”.

İfadə verən zaman Vidadi Cəfərov təqsirləndirilən şəxslərə "şərəfsiz" sözü işlədib. Bu zaman onun Şucayət Əkbərovla mübahisəsi düşüb. Hakim şahidi zaldan çıxarıb.

Digər şahid Etibar Bağırov bildirib ki, Arif Alışanova 1 milyon 800 min manat verib: ”Arif müəllim də pulu Şucayətə verib. Belarusda biznesim var, özüm də idman müəllimiyəm”.

Şahid qismində Arif Alışanovun qardaşı Habil Alişanov da ifadə verib. O bildirib ki, 2012-ci ildən torpaq alınması ilə bağlı qardaşı Arif Alışanovla məsləhətləşib: “200 min manat pul verdim. Özüm Şamaxıya getməmişəm”.

İttihama görə, Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvarınadək Şamaxı rayonunda və Baki şəhərində külli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil dəstə yaradıb. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirmək istəyib.

Sücayət Əkbərov yaxın münasibətlərdə olduğu Qoçali Cəbiyev , onun vasitəsi ilə isə Zöhrab Şirinov ilə Arif Alışanovu öldürmək barədə razılığa gəlib, cinayət planını hazırlayıb və mütəşəkkil dəstəyə rəhbərlik edib.

Bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib. 2016-cı ilin dekabrn 13-də Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bildiyi Arif Alışanovu, onun qızı Nigar Alışanovanı və sürücüsü Hacı Babayevi öldürməyi sifariş verib.

Lakin dəstə üzvləri məlum olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyiblər.

Bundan başqa, Şücayət Əkbərov 2016-cı ilin dekabrında Arif Alışanovu qəsdən öldürmək məqsədilə başqa şəxs tapmaq barədə dəstə üzvü Qocalı Cəbiyevə yenidən tapşırıq verib. Qoçalı Cəbiyev əvvəllər məhkum olunmuş, tanışı Zöhrab Şirinovla cinayəti törətmək məqsədi ilə 100 min manat qarşılığında razılığa gəlib.

Bir qədər sonra Arif Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu “Toyota land Cruiser” markalı 99-AA- 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd-Şamaxı şossesi yolunda hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb

Qoçalı Cəbiyev telefonla Zöhrab Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, Arif Alışanovun içərisində olacağı avtomaşını markası, rəngi, dövlət nömrə nişanlı barədə məlumatlandırıb.

Lakin Arif Alışanov gözlənilmədən öz avtomaşınına deyil, VAZ 21214 “NİVA” markalı, 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Şücayət Əkbərov bu barədə dəstə üzvləri Qocalı Cəbiyev və Zöhrab Şirinovu xəbərdan etməyə imkan tapmayıb

Sücayət Əkbərov qəsdən adam öldürmə cinayətinin icrası üçün qrup üzvlərinə vəd etdiyi 100 min manat pulun bir hissəsini Zöhrab Şirinova verib.

Təqsirləndirilən şəxs 2016-ci ilin yanvarın 11-də növbəti dəfə Arif Alışanovu Şamaxı rayonunda odlu silahdan istifadə etməklə qəsdən öldürmək qərarına gəlib.

Lakin yenə planları baş tutmayıb.


Müəllif: Hacı Zeynalov