23 Mart 2015 18:27

Baş Prokurorluq bir nəfəri öldürməkdə, bir nəfəri yaralamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü Elvin Mikayılovun cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib.

Bu barədə Teleqraf.com-a Bakı Aöelyasiya Məhkəməsindən məlumat verilib.

Teleqraf.com-un xəbərinə görə, 2013-cü il, avqustun 31-də Binəqədi qəsəbəsi, 1-c Mədən küçəsində yerləşən “Kral” marketinin qarşısında Elvin Mikayılov 32 yaşlı Yaşar Dərgahquliyevin boğazını kəsərək öldürüb.

O, daha sonra mərhumun qardaşı, 29 yaşlı Vüqar Dərgahquliyevə bıçaqla iki zərbə endirib. İstintaq araşdırması zamanı müəyyən olunub ki, hadisəyə səbəb Yaşar Dərgahquliyevin avtomobillə onun maşının yanından sürətlə keçməsi olub. “Niva” markalı avtomobillə onu ötüb keçən Yaşara çatan Elvin Mikayılov qardaşlara hücum çəkib. Dava cinayətlə nəticələnib.

Elvin Mikayılov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Mikayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən Baş Prokurorluq apelyasiya protesti verərək Elvin Mikayılovun cəzasının artırılaraq 15 il təyin edilməsini istəyib. Həmçinin Elvin Mikayılov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş edib.

Hər ik şikayət baxılması üçün hakim Vaqif Mursaqulovun icraatına verilib və məhkəmənin ilkin baxış iclası martın 30-na təyin edilib.

Hacı Zeynalov


Müəllif: