17 İyul 2015 21:17

Dövlət büdcəsindən pul yayındıran iş adamı həbsxanaya göndərildi


Şəki Apelyasiya Məhkəməsində vergidən yayınmaqda təqsirli bilinən “Retro-L” MMC-nin direktoru işləmiş Vaqif Şıxəliyevin cinayət işi üzrə proses başa çatıb. İttihama görə, Vaqif Şıxəliyev 13 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınıb və hüquqi ünvanı Balakən rayonu Yeni Şərif kəndi olan, Bakı şəhərində fəaliyyət göstərən “Retro-L” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə rəhbərlik edib. O, 7731,82 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.

Vaqif Şıxəliyev Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə ittiham edilib və Balakən Rayon Məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 2150 manat cərimə olunub.

Hökmdən narazı qalan Vaqif Şıxəliyev apelyasiya şikayəti verib, barəsində olan hökmün dəyişdirilməsini, həbs cəzasının islah işləri ilə əvəz edilməsini istəyib.

Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Vaqif Şıxəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, əslən Füzuli rayonundan olan Mübariz Qaraşovu yaxından tanıyıb: “Mübarizə Balakəndə firmada işləmək istəyən adamlar varsa, tapmağı, onların adına müəssisələr təsis etdirmək istədiyimi, həmin müəssisələri özüm işlədəcəyimi, əməliyyatları özüm aparacağımı, vergi orqanı ilə münasibətləri də özümün həll edəcəyimi, həmin təsisçilərə isə aylıq maaş verəcəyimi dedim. Maddi imkanı aşağı olduğu üçün Mübariz Qaraşov təklifimlə razı oldu, mənim adıma müəssisə təsis etdirəcəyini bildirdi. Bunun müqabilində ayda ona 800 manat qeyri-rəsmi əmək haqqı verəcəkdim”.

“Məsuliyyəti özüm daşıyıram”

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət sonra Mübarizi Zaqatala şəhərində yerləşən 13 saylı Ərazi Vergilər İdarəsinə göndərib və orada “Retro-L” MMC-ni təsis etdirib: “Həmin müəssisənin hüquqi sənədlərinin tərtib edilməsi ilə özüm məşğul olmuşam. Bu müəssisənin fəaliyyətinə faktiki olaraq mən rəhbərlik etmişəm. Müəssisənin adından bütün əməliyyatları da özüm aparmışam”.

Vaqif Şıxəliyev bildirib ki, MMC-də Ramiz Rəhimovun adı da rəsmiləşdirilib: “Amma Ramiz Rəhimovun ”Retro-L" MMC-nin fəaliyyətindən heç bir məlumatı olmayıb. “Retro-L” MMC-yə Ramiz Rəhimov faktiki rəhbərlik etməyib, həmin cəmiyyətin direktoru mən olmuşam. Cəmiyyətin pin-kod və möhürün müəssisə təsis olunandan bəri məndə olub. Vergi hesabatlarını vergi orqanına özüm təqdim etmişəm.

Mübariz Qaraşov və Həmzət Camaldinovun “Retro-L” MMC-nin fəaliyyətindən heç bir məlumatları olmayıb. Buna görə də cəmiyyətin fəaliyyətinə görə bütün məsuliyyəti özüm daşımışam".

“Əməlimdən peşmanam”

Təqsirləndirilən şəxs deyib ki, 2012-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi bəyannaməsini boş təqdim edib: “Həmin müddətdə mənə pul lazım olduğu üçün bəyannaməni boş vermişəm, vergini sonra ödəməyi fikirləşmişəm. Lakin sonra da həmin vergini ödəyə bilmədiyimi gördüyüm üçün dəqiqləşdirilmiş bəyannamə verməmişəm.

“Retro-L” MMC Daxili Qoşunların Baş İdarəsi, Gəncə Müalicə-Diaqnostika Mərkəzi və Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu ilə əməliyyatlar aparıb. Həmin təşkilatlara mal satmazdan əvvəl müqaviləni özüm bağlamışam. Həmin təşkilatlarla bağlanan müqavilələrdəki imzalar və qaimə-fakturalarda olan Vaqif Şıxəliyev adının qarşısında olan imzalar mənə məxsusdur.

Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutu, Gəncə Müalicə Diaqnostika Mərkəzi və Daxili Qoşunların Baş İdarəsinə “Retro-L” MMC-nin adından təqdim etdiyim müqavilə və qaimə-fakturalarda olan imzalar da mənimdir. Törətdiyim əməlimdən peşmanam. Apelyasiya şikayətimin təmin edilməsini xahiş edirəm".

“Vaqif Şıxəliyev yalan danışır”

Şahid qismində ifadə verən Mübariz Qaraşov bildirib ki, “Retro-L” MMC-nin rəsmi sənədlərdə təsisçi kimi görünsə də, həmin cəmiyyətin apardığı heç bir əməliyyatdan məlumatı olmayıb. Onun sözlərinə görə, cəmiyyətin pin-kodu, möhürü cəmiyyət təsis olunduğu gündən Vaqif Şıxəliyevdə olub, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi Vaqif Şıxəliyev edib.

Digər şahid Ramiz Rəhimov bildirib ki, 2011-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub: “Bir neçə müəssisəyə rəhbərlik etmişəm. Lakin 30 iyul 2013-cü ildə vergiləri dövlət büdcəsinə ödəməkdən yayındığına görə həbs olunmuşam. ”Retro-L" adlı bir cəmiyyəti tanımıram.

Vaqif Şıxəliyev “Retro-L” MMC-yə rəhbərlik etməyimi yalandan deyib. “Retro-L” MMC-nin adını ilk dəfə eşidirəm. Bu firma ilə ümumiyyətlə heç bir əməliyyat aparmamışam. Vaqif Şıxəliyev yalan danışır, mənim, ümumiyyətlə, “Retro-L” MMC-nin harada yerləşməsindən və hansı fəaliyyətlə məşğul olmasından məlumatım olmayıb".

Vaqif Şıxəliyevin vəkili Tural Həsənov çıxış edərək apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, şikayətlərinin dəlillərini müdafiə edən və əsaslandıran izahatlar verib və apelyasiya şikayətlərinin təmin olunmasını xahiş edib.

Prokuror Vidadi Cabbarov apelyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlanılmasını istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...