4 Aprel 2018 15:00
4 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Sultanqazi ilçəsinə Azərbaycanın Naxçıvanı desək, yanılmarıq. Bu bölgədə minlərlə azərbaycanlı yaşayır. Tekstillərdə ağır şərtlər altında işləyən soydaşlarımızın çoxunun “ikamət izni”, yəni oturum icazəsi yoxdur və bu xırda yoxluğun böyük fəsadları başımızdan yekədir. Baş dedim, yadıma düşdü - baş ağrısı olmasın, məktəb-məktəb, dərs-dərs, sinif-sinif, gələcəkdə başımız həqiqətən çox ağrıyacaq. O gələcək də uzaqda deyil, burnumuzun ucundadır. Axı vətən üçün burnunun ucu göynəyən soydaşlarımız, gec-tez vətənə qayıtmalı olacaq…

Bir az yaxın oturun, uzaqdakıların dərdinə şərik olaq:

Türkiyənin İstanbul şəhərinin təkcə Qaziosmanpaşa, Sultanqazi rayonlarında adını belə yazmağı bacarmayan 6 və 17 yaş arası mindən (1000) çox azərbaycanlı var. Bu, çox ciddi problemdir. İstanbulda yaşayan soydaşlarımızın bir çoxunun (yəni yüzdə doxsanının) "ikamət izni" olmadığı üçün, öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər. Düzünü desəm, mən Türkiyə məktəblərində soydaşlarımızın təhsil almasının tərəfdarı da deyiləm. Deyəcəksiniz ki, niyə axı? Ona görə ki, İstanbul məktəblərində 12, 14 yaşlı məktəbli qızların çoxunun əlindən siqaret düşmür. Ona görə ki, bu məktəblərdə din dərsləri də verilir və bu dərslər on yaşlı uşağın psixalogiyasını korlayır desəm, üstümə hücum çəkməyin, düz deyirəm, Allah haqqı düz deyirəm…

Bundan başqa, problemin bizlər üçün utancverici yanı bilirsiniz nədir? Təkcə İstanbul şəhərində 20-yə yaxın ermənidilli məktəb var. Bəs nə üçün rəsmi olaraq azərbaycandilli məktəb heç bir dənə də yoxdur? Əgər İstanbulda yaşayan soydaşlarımızın "qaçaq" statusu ilə yaşadıqlarını nəzərə alsaq, belə məktəb "ölüm-qalım" məsələsidir və həyati əhəmiyyət kəsb edir.

Müəyyən ziyalılar tərəfindən qurulan, bildiyim qədər, iki və ya üç azərbaycandilli özəl məktəb var. Ancaq bu məktəblərin heç biri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tabe deyil, bu məktəblərdə attestat verilmir, verdikləri təhsil yetərsizdir. Hələ eşitdiyimə görə, İstanbulun Halkalı bölgəsindəki Azərbaycan məktəbini İrandakı vəqflər maliyyələşdirir.

Nizamilər, Lütfizadələr, Hüseyn Cavidlər, Axundovlar, Topçubaşovlar, Əliağa Şıxlinskilər yetişdirən bir xalqın, xüsusilə hər zaman öyündüyümüz “Azərbaycan xalqının yüzdə doxsan səkkizi oxuyub yazmağı bacarır” kimi həqiqətlərinin gözünün içinə indi biz necə baxaq? Müəyyən çətinliklərdən dolayı deyərdim ki, bəlkə də iki-üç min soydaşımızın təhsilsiz olması həqiqətin gözüdür, əslində, kor gözü. Bəhs etdiyim göz gəlcəyimizi işıqlandıra bilməyəcək təəssüf ki. Fəqət gec də deyil. Dövlət səviyyəsində bu məsələyə əncam çəkilsə.

İstanbulda yaşayan Aygün Həsənoğlu kimi bir neçə ziyalı soydaşımızla bərabər problemə dair, bir xeyli baş sındırmalı olduq və başa düşdük ki, başımızı əzsək belə, arxamızda dövlətin dəstəyi olmadan heç nə edə bilməyəcəyik.

Problemin acılı tərəflərindən biri də, soydaşlarımızın qız uşaqlarını təhsildən yayındıraraq on üç, on dörd yaşlarında zorla ərə verməsidir. Sanki başlarından edirlər. Bu da məncə, gələcəyimiz üçün daha bir həyəcan təbilidir…

Körpə fidanlarımız təhsil almaq əvəzinə, tikiş müəsissələrində valideyinləri tərəfindən zorla əməyə cəlb edilir, özü də 10-12 saatlıq ağır iş şərtləri altında…

Türkiyədə qaçaq kimi yaşayanların heç biri bu ölkədə qalıcı deyil və gec-tez Azərbaycana qayıdacaqlar. Bəs nə etməliyik? İlk növbədə Azərbaycan Respublikası öz vətəndaşlarına sahib çıxmalı, məsələnin həllinə dair qəti addımlar atmalıdır. Məncə, qardaş ölkə qeyd etdiyim problemlərlə yaxından maraqlanmalı, heç olmasa, suriyalılara ayırdığı diqqətin balacasını qan qardaşlarına ayırmalıdır. “Azərbaycanın sevinci, sevincimiz, kədəri, kədərimizdir!” – deyirdi, böyük Mustafa Kamal Atatürk…


Müəllif: Elçin Aslangil