Teleqraf.com Hədiyyə Şəfaqətin haykularını təqdim edir:
Gecənin səssiliyinə köçüb
Küləyin özgür vıyıltısı...
Budaqlar dirijor çubuğu kimidir
***
Ağ kəpənəklər
Qar yağanda doğulur
Üşüyür və baharacan gözləyirlər...
***
Şaxtanın əlləri
Pəncərədə donmuşdu
Bu üzdən dodaqlarını ona söykədi çiçək...
***
Qadın
Çoxdandır özünü görməmişdi
Durdu və bütün güzgülərin tozunu sildi...
***
Pişik
Su içmək istədi gecənin yarısı
Sahibəsini oyada bilmədi...
***
Yalnız bir misra yazılmışdı ağ vərəqdə:
"Mən gedirəm, hər şeyi unudaq"
P.S. "özümlə heç nə götürməmişəm"...
***
Ay işığı yoldan görünürdü-
Tənha qovağın
Yarpaqlarıyla oynayırdı.
***
Zamanı düşünmə-söylədi qoca-
Bəzən bir ildə
On gün sağ oluruq...
***
Səhər açılırdı, Günəş-
"Sabahın xeyir, gülümsə"- dedi Torpağa
Və yuxuya getdı...
***
Adamlar uzaqlara getsinlər deyə
Yol çəkdilər...
Qayıtmaq da olardı, əvəzində şeir yazdılar...
***
Qurumuşdu zirvədəki Ziyarət ağacı
Budaqlarında bozarmış parça qırıqlarının
Hamısının rəngi eyniydi...
***
Səsimizi musiqi kimi dinləyir Tanrı
Və unudur, bilir ki,
İnanırıqsa dua etmirik...