Ferdi Merteri Azərbaycan tamaşaçısı daha çox “Kurtlar Vadisi Pusu” serialındakı Bəy əfəndi (Süleyman Dəmirəl) obrazı ilə tanıyır.
Merter 19 iyun 1939-cu ildə İstanbulda doğulub. Həm atası Renan Fosforoğlu, həm də anası Muazzez Arçay sənətçi olub.
1962-ci ildə Ankara Dövlət Konservatoriyasının Teatr bölümünü bitirib. 1963-cü ildə Sivasda hərbi xidmətdə olub.
Uzun illər dövlət və özəl teatrlarda aktyorluq, rejissorluq edən Merter teatrlarda müxtəlif vəzifələr də daşıyıb.
Ona yaxın kitabın, bir neçə filmin ssenari müəllifi, 20-dən çox filmdə çəkilən, yüzə yaxın əsərdə səhnəyə çıxan, onlarla oyuna rejissorluq edən, seriallarda rol alan Merter hazırda İstanbuldakı Oda Teatrında da çalışır.
Biz də onunla orada qarşılaşdıq və Teleqraf.com üçün qısa müsahibə almağa nail olduq:
- Ferdi bəy, Sizi “Kurtlar Vadisi Pusu” serialındakı “bəy əfəndi” obrazı ilə tanıdıq. Keçmiş prezident Süleyman Dəmirəl sanki mənfi obrazda verilmişdi. Buna münasibətiniz necədir?
- Biz ssenaridə nə yazılıbsa, onu oynamaqla yükümlüyük. Orada mən belə bir şərt qoydum ki, yaşayan bir cümhurbaşqanının nə danışığını, nə davranışını təqlid edərəm. Amma ssenaridə mövzu nədirsə, onu oynayaram, bir etirazı varsa, özü edər.
- Siz yaş etibarilə Süleyman Dəmirəlin bir neçə dəfə baş nazirliyini, prezidentliyini görmüsünüz. Onun dönəmini necə analiz edərdiniz?
- Biz Dəmirəlin pərdə arxasındakı durumunu xalq olaraq bilə bilmərik. Bizə təqdim edilənləri bilirik. Təqdim edilənlərə gəldikdə isə əlindən gəldiyi qədər demokrat olan, sağ düşüncəyə müəyyən çərçivədə xidmət edən bir siyasətçi idi. Yəni sağ kəsimə xitab edən, avtoritar, çox zəkalı, çox əfəndi bir şəxs idi. Mən özüm sosialist düşüncəli sənətçiyəm.
- Sənətçilər ümumiyyətlə sosialist olur.
- Təbii ki.
- Bu yaxınlarda vəfat edən Tarık Akan də Sizin kimi sol görüşlü idi. Sənətçilərin sol görüşlü olması nədən qaynaqlanır?
- Xalq ilə birlikdə olmaq sevdasına görə. Xalqın problemlərini çözmək üçün. Bir sənətçi xalqın problemlərini həll etdiyi zaman həqiqi sənətçidir.
- Amma hər kəs, elə sağ görüşə sahib olanlar da iddia edirlər ki, xalqın problemləri ilə maraqlanırlar...
- Maraqlanmaq başqa, həll etmək başqa.
- Tarık Akanla dostluğunuz oldumu?
- Oldu. Tarık əfəndi bir insan idi. Yaxşı bir aktyordu. Yaxşı bir mücadilə apardı. İlk başladığı vaxtlar sosyetik bir dəliqanlı idi. Getdikcə kütlənin dərdlərini gündəmə gətirən bir insana çevrildi. Ətrafındakı insanlarla çox yaxşı əlaqələr qurdu, onlardan çox şey öyrəndi. Özünə örnək olaraq Yılmaz Güneyi seçdiyi üçün onun yolunda yürüməyə çalışdı.
- Azərbaycanda Sovet dönəmində insanların teatra marağı daha yüksək idi. Türkiyədə necədir? Keçmişdə və indi.
- Keçmiş dönəmə görə indi maraq azdır. Təəssüf ki, Türkiyədə keçmişlə müqayisədə indi hər şeyin səviyyəsi düşüb. Sənət sahəsində isə vəziyyət daha pisdir. Əvvəllər insanların sənətə meyli daha çox idi. İnsanlar ən yaxşını, ən doğrunu axtarırdılar. Keçmişdə Türkiyədə insanın var olması üçün səy göstərilirdi, indi isə insanın yox edilməsi üçün cəhdlər edilir.
- Biz bura gələndə aktyor olmaq üçün xeyli gənc gəlmişdi. Siz onları yoxlayacaqsınız. Ümumiyyətlə, gənclərin aktyor olmaq istəyi hazırda necədir?
- Gənclər işlərini sevməli, sayğı göstərməlidirlər. Və insanı sevmələri, insana hörmət etmələri vacibdir. Çünki bu sənət insanı insana insanla anlatma sənətidir. Ona görə də başqa sahələrə bənzəmir.
- Bu söylədiklərinizi Oda teatrında nə qədər həyata keçirə bilirsiniz?
- Gənclərlə çalışırıq, dərslər veririk. Əlimizdən gəldiyi qədər onlara kurs keçirik. Oda teatrına gəlməyimin səbəbi budur. Çünki burada bir mücadilə verilib, səhnə qurulub. Bu səhnəyə gənclər gəlir, bizim də vəzifəmiz onlara müəyyən yolları göstərməkdir. 74 ildir bu sənətin içindəyəm.
Dilqəm ƏHMƏD