Bu barədə Teleqraf.com-a Xumar Zülfüqarovanın nəvəsi Anar Zülfüqarov məlumat verib.
Anar Zülfüqarovun sözlərinə görə, ailəyə Bakı Xoreoqrafiya Akademiyasından bildirilib ki, bu il noyabrın 30-da Xumar Zülfüqarovanın 90 illik yubileyi təmtəraqlı şəkildə qeyd olunacaq: “Hətta ondan bəhs edən bir kitab da çıxacaq. Bizim üçün bu çox sevindirici xəbər oldu”.
Xalq artisti Xumar Zülfüqarova 2-ci dəfə insult keçirdikdən sonra iyulun 2-də 90 yaşında vəfat edib.
Azərbaycan səhnəsinin bir çox parlaq ulduzlarının müəllimi, respublikanın yüzlərlə xalq və əməkdar artistinin peşəkar pedaqoqu, Bakı Xoreoqrafiya Məktəbinin məzunu olan Xumar Zülfüqarova 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və Konsert üzrə Birliyinin ilk baş baletmeysteri olub.