Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, prezident təqaüdünə layiq görülən, hazırda Köln Ali Musiqi Məktəbində dosent vəzifəsində çalışan, eyni zamanda Avstiyanın Zalsburq şəhərində yerləşən Motsarteum Universitetində doktorantura pilləsində təhsil alan Toğrul Hüseynlinin solo konserti keçirilib.
Teleqraf.com xəbər verir ki, filarmoniyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutan konsertdə dahi avstriyalı, alman və rus bəstəkarlar – Frans Şubert, Lüdviq van Bethoven və Sergey Prokofyevin dünya klassik musiqisinin möhtəşəm, eyni zamanda ifası çətin hesab olunan, indiyədək Azərbaycan auditoriyası üçün çalınmayan əsərləri səsləndirilib.
İki hissədən ibarət konsert zalın dolu olması ilə diqqəti çəkib. İfaçı sürəkli alqış sədaları altında təkrar səhnəyə dönməli olub. Konsertdə həmçinin Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri iştirak edib. Onların arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli və akademiyanın pedaqoqları da var idi.
F.Bədəlbəyli hər əsərin ifası başa çatdıqdan sonra ifaçını alqışlayıb. Üç dəfə hamının eşidəcəyi şəkildə, uca səslə “Bravo” deyib.
Konsertdən sonra F.Bədəlbəyli təəssüratlarını Teleqraf.com-un əməkdaşı ilə bölüşüb:
“Təəsüratlarım əlbəttə, yüksəkdir. Sizə deyim ki, mən Toğrulu uşaqlıqdan – Bülbül adına Orta İxtisas Musiqi Məktəbindən tanıyıram. Onda elə sürətli inkişaf gedir ki… Vallah, mən bunu heç gözləmirdim. Onun çox böyük gələcəyi var. İndi ustaddır, amma o hələ çox gəncdir. Hələ çox illər ərzində sənətini təkmilləşdirməsi lazımdır.
Bu sənət belədir ki, sən hər gün öz üzərində işləməlisdən. Toğrulda bu var. Ruh var, işgüzarlıq var. O, məsuliyyətini son dərəcə dərk edən bir oğlandır. O bu gün uğur qazanıb, amma belə şeylərə çox soyuqqanlı yanaşır. O başa düşür ki, nə etmək lazımdır, hələ nə çatışmır. Ona görə də mən deyirəm ki, bu gün Azərbaycanın bütün fortepiano məktəbinin bayramıdır”.
Konsertdən sonra ifaçının özü ilə həmsöhbət olduq:
“Məncə, konsert çox uğurlu keçdi. Artıq ikinci ildir ki, doğma Vətənimdə – Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert proqramı ilə çıxış edirəm. Bu, artıq bir ənənə halını alıb. Azərbaycan tamaşaçısı, klassik musiqisevərlərlə bir daha görüşürəm. Ölkəmizdə ən önəmli klassik musiqi səhnələrindən olan Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etmək mənim üçün böyük fəxr və şərəfdir. Düşünürəm ki, budəfəki proqram da çox uğurla yekunlaşdı. Bunu tamaşaçıların reaksiyasından da görmək olurdu”.
T.Hüseynli qeyd edib ki, budəfəki proqram digər konsertlərə nisbətən digər çətin, daha mürəkkəb idi: “Ancaq məncə tamaşaçılar çox böyük həvəslə dinlədilər və zalı yaxşı təəssüratlarla tərk etdilər”.
Pianoçunun atası, fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli də təəssüratlarının yüksək olduğunu bildirib:
“Mən özümü klassik musiqi sahəsində mütəxəssis hesab etmirəm. Amma evimizdə həmişə klassik musiqi səslənib (Qeyd edək ki, professorun digər övladı – qızı Könül Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə elmlər namizədidir – S.Həmid). İncəliklərinə qədər dərk edə bilməsəm də, onun avazı beynimə hopub və bir növ məni də həmin musiqinin pərəstişkarına çevirib.
Oğlum olduğu üçün demirəm, Toğrul həqiqətən də dünya arenalarını tutmuş bir pianoçudur. İspaniya, Hollandiya, İtaliya, Slovakiya, Bolqarıstan, Çin və Belarusun paytaxtlarında, yaxud böyük şəhərlərində çıxışlar edib. Həmçinin, onun Ukraynanın Sumı vilayətində qran-pri almasını xatırlayıram. Yəni, çoxlu uğurlara imza atıb.
Çox sevinirəm ki, doğma Azərbaycanımızı bütün arenalarda uğurla təmsil edə bilir.
Mənim üçün ən böyük fəxarət odur ki, o, 2015-ci ildə İspaniyada kralın himayəsi altında keçirilən pianoçuların Beynəlxalq Ferroli müsabiqəsində II dərəcəli mükafata layiq görülüb. Bu müsabiqə çox nüfuzlu müsabiqə hesab olunur və dünyanın əksər yerlərinə televiziya ilə canlı yayımlanır. Bakıda evdə oturaraq bizim ona baxmaq imkanımız olub. Bundan əlavə onun 2014-cü ildə Hollandiyada keçirilən bir konsert proqramında İsveç kraliçasının əlindən təşəkkürnamə alması heç zaman yadımdan çıxmayacaq və bunu qürurla xatırlayıram”.
Q.Hüseynli Toğrulun öz üzərində çox çalışdığını vurğulayıb:
“Hətta bəzən onun həddən çox əziyyət çəkməsini görürəm və bunu istəmirəm. Çünki vaxtının çox böyük hissəsini klassik musiqiyə ayırır. Bəzən 6-7 saat dayanmadan bu musiqi üzərində işləmək böyük iradə və hövsələ tələb edir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Toğrul artıq peşəkar musiqiçi səviyyəsini ötüb keçib. Hər halda dünyanın görkəmlı musiqiçiləri belə deyirlər.
Onlar deyirlər ki, Toğrul artıq dünya miqyaslı fortepiano ifaçısına çevrilib. Əlbəttə, Toğrulun qarşısında bundan sonra hələ görüləsi çox işlər, çox vəzifələr dayamır. Mən bir ata kimi onunla fəxr edirəm və onu hər zaman dəstəkləyirəm”.