27 Aprel 2019 16:39
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşib.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional mədəniyyət idarəsinin nümayiş etdirdikləri əl işləri, dekorativ-tətbiqi sənət, rəsm əsərləri və digər sənətkarlıq nümunələrinə baxıbdar, folklor və musiqi qruplarının çıxışlarını dinləyiblər.

Tədbirdə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, dekorativ-tətbiqi sənət ustası Ellada Həsənovanın “Muğam-trio” kompozisiyası və süjetli xalçanın nümayişi, digər dekorativ-tətbiqi sənət ustası Günel Hüseynovanın 3D formatında “Sumqayıt”, taxta üzərində işlənmiş “İçərişəhər” kompozisiyaları, keçədən əl işləri qonaqların xüsusi marağına səbəb olub.

Festivalda balaca ziyarətçilərin də maraqları nəzərə alınıb. “Günəşim” və “Cırtdan” kukla teatrlarının hazırladıqları tamaşalar, “Dostluq” Mədəniyyət evinin klounada nömrələri və “Qurd adam”, “Şurun-burun”, “Maşa və ayı”nın personajları uşaqların zövqünü oxşayıb.

Həmçinin festivalda 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq müxtəlif nəşr nümunələrindən ibarət kitab guşəsi də qurulub.

Zəngilan rayonunun folklor kollektivi, Abşeron rayon Mədəniyyət Mərkəzinin Musiqili komediya xalq teatrı, bir neçə musiqi məktəbinin sazçalanlar ansamblı və rəqs kollektivlərinin çıxışı festivala xüsusi rəng qatıb. Fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqətini cəlb edib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib. Konsertdən öncə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, festivalda Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına dövlət tərəfindən qayğı göstərildiyi vurğulanıb. Bildirilib ki, bu layihənin həyata keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq fürsəti yaradır.

Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbir iştirakçısı İsmayıl Həsənov festivalın insanlarda xoş ovqat yaratdığını qeyd edib. Bildirib ki, festival ölkəmizin bütün regionlarını əhatə etməklə mədəni zənginlik, xalq sənətkarlığı irsi və incəsənət nümunələri ilə tanışlığa vəsilə olur.

Xırdalan şəhər sakini Zərifə Ağayeva tədbirə nəvələri ilə gəldiyini deyib: “Burada balacalar üçün nümayiş olunan səhnəciklər, müxtəlif personajlar onların diqqətini cəlb edir. Bu festival həm uşaqların, həm də böyüklərin marağına səbəb olur”.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına may ayının sonunda yekun vurulacaq.


Müəllif: Teleqraf.com