25 Aprel 2020 09:37
24 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı ədəbi tənqidçi Əsəd Cahangirdir.

Onunla müsahibəni təqdim edirik:

- İndi belə bir fikir irəli sürülür ki, pandemiya postinsan, postmodernizm kimi məsələlərin üstündən xətt çəkdi və sübut etdi ki, hələ bunlar haqda danışmaq tezdir.

- Pandemiya tarixdə min dəfələrlə olmuş və olacaq hadisələrdən biridir. Biz sadəcə onu çox şişirdirik. O tarixi inkişafın üstündən xətt çəkmir. Əgər biz belə düşününrüksə, bəs, orta çağlarda yüz minlərlə adam taundan, vəbadan öləndə nə düşünməliydilər?

- Yazırsınız ki, köhnə ictimai düşüncə sistemi dağılır, yenisi hələ tam formalaşmır. Bunun niyə belə olduğunu izah edə bilərsinizmi, yəni götürdüyün şeyin yerinə yenisini qoymaq niyə mümkün olmur?

- Dağıtmaq asan, yaratmaq çətindir. Yenisinin yaranması üçün vaxt lazımdır. İlahi təqdir tədriciliyi sevir. Tələsik işə Şeytan qarışır.

- Hesab edirsinizmi ki, ədəbiyyat və ümumən sənət keçid mərhələsindədir və bu keçid nə vəd edir? Xüsusən Azərbaycana...

- Keçid artıq başa çatıb. Amma ədəbiyyat hələ ki, heç yerə keçməyib. Çünki yazarların bu keçidi eləməyə istedad və intellektləri çatmır. Bu keçid yeni insan tipinin təsvirinə keçməlidir. Dünya ədəbiyyatı və kinosu artıq bu keçidi eləyib. Özünə qarşı mərhəmət doğuran yazıq, balaca adam bu ədəbiyyatın qəhrəmanı deyil. Yazıqdan qəhrəman olmaz. Bu ədəbiyyatın qəhrəmanı həqiqi qəhrəmanlardır. Dediyiniz keçid ədəbiyyata pozitiv enerji, əsl qəhrəmanlar, ümidlər və yeni düşüncə üfüqləri vəd edir.

- Əsəd bəy, kimlər mistik düşüncəyə, bu şüura gəlib çata bilir, bunun olması vacibdirmi?

- Həqiqi yazıçı istedadı olanlar, ümumən istedadı olanlar bu düşüncəyə gəlib çata bilərlər. Çünki bu düşüncə özündə hər şeyin kökünü, başlanğıcını birləşdirir. Bu olmadan yazıçı olmaq mümkünsüzdür. Sadəcə publisist ola bilərsən.

- Sizi ən çox nə düşündürür, nəyi bilməmək istərdiniz?

- Mən bilmək yox, görmək istərdim - Haqqı görmək.

- Özünüzdən sonra necə bir iz qoymaq istərdiniz, bu sizi narahat edirmi?

- Məni burda qoyacağım iz yox, orada qarşılanacağım üz maraqlandırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər