8 May 2021 15:27
2 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nəzakət Teymurova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Şuşa azad olundu. 29 il sonra artıq 8 mayı Şuşanın işğal günü kimi qeyd etmirik. Hansı hislər keçirirsiz?

- 1992-ci ildən 2020-ci il noyabrın 8-dək bu günü kədər içində qeyd edirdik. Amma Allaha şükürlər olsun ki, bu gün 8 mayı qələbə ilə qarşılayrırıq. Bu çox sevindirici haldır, işğalda olan torpaqlarımız azaddır. Mənim üçün torpaq ən əziz varlıqdır. Ona görə sevincimin həddi-hüdudu yoxdur.

- Ali Baş Komandan, Prezident İlham Əliyevin "Əziz Şuşa, sən azadsan!" sözlərini eşidəndə ilk reaksiyanız necə oldu?

- Bu, qürurverici və sevindirici haldır. Bu sözü eşidəndə ailəlikcə ağladıq, sevindik. Qarabağın bütün torpaqları bizə əzizdir. 8 may Şuşadan söhbət gedirsə, deyə bilərəm ki, həm özümüz, həm də torpağımız sevinir. Ali Baş Komandanımız, Ordumuz sağ olsun. Çox şükür Allah səsimizi eşitdi, neçə illər idi ki, torpaqlarımıza ayaq basa bilmirdik.

- Şuşa şəhəri Prezidentin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şəhər yenidən abadlaşdırılır. Şuşada Muğam məktəbi fəaliyyət göstərsə, çalışmaq istəyərsizmi?

- Dövlətimiz tərəfindən təklif olarsa, böyük məmnuniyyətlə getmək və fəaliyyət göstərmək istəyərəm.
O torpaqda böyümüşük, boya-başa çatmışıq. Təbii ki, Şuşada Muğam məktəbi fəaliyyət göstərsə, çalışmaq istəyərəm. Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva torpaqlarımıza tez-tez gedir, orada təməl daşları qoyulur, yenidənqurma işləri aparılır. Biz də sənətimizin orada inkişaf etməsini istəyərdik.

- Şuşa azad edildikdən sonra getmisiz?

- Bəli, Şuşaya bir dəfə getdim. O hissi dil ilə ifadə etmək çətindir...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər