8 May 2022 10:38
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məşhur uşaqlar” rubrikası tanınmış sənətçilərin uşaqlıq xatirələrinə işıq tutur.

Bu dəfə haqqında söhbət açacağımız sənətçilər Teleqraf.com-la uşaqlıq fotolarını və xatirələrini bölüşürlər.

Hamı onu hüquqşünas görürdü, o isə...

Xalq artisti Rasim Balayev məktəb tədbirlərində şeir dediyini xatırlayır: “Ailədə beş oğlan, üç qız olmuşuq. Ən böyüyü mən idim. Yaxşı xatırlayıram, məktəb tədbirlərində şeir deyirdim. Yeddinci sinifə qədər dərslərimi yaxşı oxuyurdum, hətta əlaçı idim. Aktyorluğa həvəsim yaranandan sonra bəzi fənlərə marağım azaldı. Daha çox humanitar fənləri yaxşı öyrənməyə çalışırdım.

Ailədə mənim ya hüquqşünas, ya da tarixçi olmağımı istəyirdilər. Amma mən aktyor oldum. Ailədən bircə mən aktyor oldum. Atam partiya sovet işçisi, anamsa evdar qadın idi. Aktyor olmağıma əvvəl etiraz etdilər. Fikirləşirdilər ki, imtahandan kəsilib rayona qayıdacam. Çünki o vaxtlar Teatr İnstitutuna qəbul o biri institutlardan öncə idi. Amma mən qəbul olundum. Buna sevinməsələr də, qarşımı da kəsmədilər”.

“Həyatımın dönüm nöqtəsi...”

Əməkdar artist Suğra Bağırzadə evin ortancıl qızıdır: “Ailədə yeddi bacı, bir qardaş olmuşuq. Mən qızlar arasında ortancılam. Məndən əvvəlki iki bacım mühəndis oldu, məndən sonrakılar isə xarici dillərə yiyələndilər.

Böyükdən-kiçiyə hər kəs ailənin qayda-qanunlarına riayət edirdi. Belə ki, böyük bacılar mütləq özündən kiçiklərə qulluq etməli idi. Məsələn, mən özümdən kiçik bacım Nazlının köynəyini yuyurdum, ütüləyirdim, saçını hörürdüm. Böyüyün dediyi də qanun idi. Bu, indi də belədir.

Bacımın təkidi ilə ikinci sinifdən Pionerlər Sarayının xor dərnəyinə yazılmışam. Çox gözəl illər idi. 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində Azərbaycan ongünlüyü çərçivəsində ilk dəfə olaraq “Cücələrim” mahnısını ifa etməyim həyatımda böyük dönüş yaratdı. O vaxt elə bir hökumət tədbiri yox idi ki, “Cücələrim”i oxumayaq”.

“150 manat maaş alırdım”

Əməkdar artisti Xalidə Quliyevanın uşaqlığı çətin keçib: “Bakıda doğulmuşam. Altı uşaq olmuşuq - dörd bacı, iki qardaş. Mən ailənin ikinci uşağı idim. Atam “Neftayırma” zavodunda fəhlə işləyirdi, anam isə evdar qadın idi. On yaşında anamı itirdim. Uşaqlığımın yarı hissəsi NZS deyilən yerdə keçib. Məktəbə də elə orada getmişəm. Dərslərimi yaxşı oxuyurdum, çox çalışqan, fəal uşaq idim.

Elə məktəbli ikən Məmmədkamal Kazımovun dərnəyinə yazılmışdım. Üstəlik məktəbdaxili teatr dərnəyinin tamaşalarında da çıxış edirdim.

Lütfi Məmmədbəyovun dərnəyinə getdiyim vaxtlarda yolka şənliklərində çıxışlarım olurdu. Yadımdadır, 150 manat maaş alırdım. Dərslərimə gedib, teatrda işlərimi bitirəndən sonra evə qaçırdım. Sənətə çox baş qoşmamağımın səbəbi də bu idi. Tez evə gəlirdim, bacı-qardaşlarımın yanında məsuliyyət hiss edirdim, ona görə sənət adamları ilə çox təmasda olmamışam.

17 yaşımda instituta daxil olan ili atam dünyasını dəyişdi. O mənim instituta daxil olmağımı istəmirdi. Deyirdi, fiziki baxımdan zəifsən, oxuya bilməzsən. Mən isə təhsilimi davam etdirdim. İncəsənət İnstitutuna daxil oldum”

“Məktəbi pis oxumuşam”

Əməkdar artist Mehriban Xanlarova məktəbdə yaxşı oxumadığını etiraf edib: “Ailədə altı uşaq olmuşuq. Bacımı 21, qardaşımı 40 yaşında itirmişəm. Bir qardaşım lap uşaqkən ölüb, onu görməmişəm. Anam sakit, atam da dilsiz, fağır olub. Atam düzgünlüyü xoşlayırdı, yalanı sevmirdi. Görünür, mən də ona çəkmişəm.

Atam elə bilirdi ki, mən televiziyaya, efirə çıxaramsa böyük adamam. Böyük qardaşım bir az etiraz edirdi, ona görə tez ailə qurdum ki, mənə heç kim qarışmasın. Sonra özü də uğurlarımı görürdü, mənimlə fəxr edirdi. Allah ona rəhmət eləsin.

Mən heç vaxt öyünməmişəm ki, savadlıyam. Amma bəziləri yalandan kitab oxuyub, bir-iki cümlə öyrənib özlərini savadlı göstərməyə çalışırlar. Etiraf edirəm, məktəbi pis oxumuşam. Tez-tez müəllim danlağı eşitmişəm. Heç vaxt bilmədiyim məsələlər barədə böyük-böyük danışmaram. Qulaq asmağı çox sevirəm”.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər