27 İyul 2022 10:15
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Dövlət Dram Teatrına bu ilin yanvar ayında yeni baş rejissor təyin olunmuş Prezident mükafatçısı Vüsal Mehrəliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Vüsal bəy, mən sizi Gənc Tamaşaçılar Teatrında aktyor kimi tanımışam, tamaşalarda, filmlərdə görmüşəm. Daha sonra özünüz də, yaradıcılığınız da Rusiyaya "köçdü". Uzun illər orada yaşadınız.

- Təxminən altı il...

- Rusiya teatrında çalışan bir rejissor bölgə teatrına təyin olunanda hansı problemlərlə üzləşdi?

- Bakı-Moskva-Mingəçevir... Fərq çox böyükdür. Öyrəşdiyim Bakı teatrından Rusiyaya getdim, rus teatrı estetikası ilə tanış oldum. Moskvadan sonra Bakıya da yox, birbaşa Mingəçevirə gəlmək - fərqi vurun ikiyə, hətta ikiyə də deyil, dördə... Yəni o qədər böyük fərq vardı. Amma ruhdan düşmək, bədbinliyə qapılmaq istəmirəm və qapılmıram da.

Mən Mingəçevir Teatrına gəlməmişdən öncə də bu teatrı tanıyırdım, potensialına bələd idim. Burdakı aktyorların çoxu vaxtilə Mingəçevir teatrının nəzdindəki kurslarda dərs keçdiyim uşaqlardır. Deməyim odur ki, kollektivi yaxşı tanıyıram.

Bütün bölgə teatrlarında olduğu kimi burda da problemlər az deyil. Mənsə bu problemlərə bir az başqa cür yanaşıram. Fikirləşirəm ki, bildiklərimi öyrətməliyəm. Bu mənada mənə verilən təhsilin - "teatr necə olmalıdır" fikrinin haqqını verərək onu maksimum aşılamağa çalışıram.

Məni Mingəçevir Teatrında sevindirən hal odur ki, burda heç kəs buna etiraz etmir. Hamı qəbul edir ki, mənim anladığım teatr onlara lazımdır. Söhbət təkcə aktyorlardan getmir. Təəssüf ki, bizdə teatr deyiləndə aktyor, aktrisa və rejissor yada düşür. Yalnız bunlarla teatr olmur. Teatrda peşəkar butafor, peşəkar rəssam, peşəkar dekor sexi, quruluşçu hissə müdiri, sex müdirləri olmalıdır.

Peşəkar insanlar baxımından bütün bölgə teatrlarında olduğu kimi Mingəçevir teatrında da problemlər var.

Etiraf edək ki, biz təhsilli, professional adamları bölgələrə dəvət edə bilmirik. Edəndə də onlara şərait yarada bilmirik. 400 manat maaşa həm ev tutsunlar, həm də yaşayışlarını təmin etsinlər, bu, mümkün deyil. Mən belə bir təklif irəli sürmüşəm və bu təklifin də üzərində dayanmışıq. Biz həvəskar, bu sənətə sevgisi olan istedadlı insanları teatrın nəzdində yaradılacaq studiyaya cəlb edib öz gücümüzə peşəkar edəcəyik. Şəxsən mən bunun tərəfindəyəm.

- Mingəçevirdə böyüyüb, təhsilini Mədəniyyət və İncəsənət Universitetində alan məzunlar sonra teatra çalışmağa gəlirlərmi? Bir neçə ayda buna şahid olmağınız mümkün deyil, amma ümumiyyətlə belə bir hal baş veribmi?

- Bu vəzifəyə təyin olunduğum bir neçə ayda belə bir adam görməmişəm. Dediyim kimi, kadrlarımızı teatrın daxilində yetişdirəcəyik. Əgər universiteti bitirənlər bura gəlmirlərsə, biz oturub onları gözləyə bilmərik. Teatr işləməlidir.

Pandemiyaya qədər Mingəçevir Teatrında yaradıcı emalatxana olub. Biz onu bərpa edəcəyik. Axı illər gedir, nəsil dəyişir. Bu gün teatra 20 yaşında qəbul olan aktyor beş ildən sonra 25 yaşında olacaq. 10 ildən sonra 30 yaşında... Onun əvəzinə kimsə gəlməlidir. Deməli, ikinci studiyaya ehtiyac var.

10 il bundan öncə studiyanı bitirən aktyor artıq cavan rollarını oynaya bilməyəcək. Bu istiqamətdə işləyirik, perspektiv var.

- Mingəçevir teatrında Şekspirin “Otello” əsərinin motivləri əsasında “Yad” tamaşasını hazırladınız. “Yad”da müəllif olaraq kim daha çox ön plana çıxır?

- Şekspir. Mən istənilən müəllifə çox böyük hörmət edirəm. 99 faiz o müəllifdir, 1 faiz mən.

- Niyə “Yad”, yaxud “Otello”?..

- Çünki bu əsər sınaqdan keçib. Mən Moskvada olanda bu əsəri bir neçə dəfə tələbələrimlə hazırlamışam və özünü doğrultmuşdu. Bu əsər gənc aktyorların yaradıcı potensialını aşkar və inkişaf etdirməkdə çox mükəmməl əsərdir.

“Yad” Şekspirin “Otello” əsərinin motivləri əsasında mənim hazırladığım versiyadır.

- Tamaşa maraqla qarşılandı, sorağı da yayıldı. Ümid edirəm, arzu etdiyiniz nəticəni əldə etmisiz...

- Əslində, bəli, mən bu əsəri seçərkən qarşıma qoyduğum məqsədə çatmışam. Yəni mən teatrı, aktyorları Şekspir dramaturgiyasına, klassikaya kökləyə bildim.

- Sizin versiyada Bianka obrazını kişi aktyorun ifa etməsi birmənalı qarşılanmadı. Və hətta teatrda qadın aktrisaların azlığına görə bu addımı atdığınız düşünüldü. Gəlin, aydınlıq gətirək.

- Bu rejissor yozumudur. Mən bunu bilərəkdən etmişəm.

- Bu, tamaşaya diqqət çəkmək üçün idi?

- Siz tamaşaya baxsaydınız o nüansları daha dəqiq bilərdiniz. Bunu boynuma almaq istəmirəm - mən tamaşaya diqqət çəkmək istəmirdim. Bu tamaşanın içində “niyə qadın obrazını kişi aktyor oynayır?”a haqq qazandırmışam. İnformasiya kimi bu başa düşülməyə bilər. Amma bu bir oyun tərzidir, stildir. Və mən bütün məsuliyyətimlə deyirəm ki, bu hal Şekspirə, klassikaya heç bir xələl gətirmir. Əksinə, bu elə Şekspir teatrıdır...

- Tamaşaçı, repertuar probleminiz hansı səviyyədədir?

- Repertuarı özüm təyin edirəm. Tamaşaçı problemi repertuardan qaynaqlanır. Mənim anladığım teatrda tamaşaçı həmişə haqlıdır. Tamaşaçı teatra gəlmirsə, deməli, biz onu maraqlandıra, onunla kommunikasiya - əlaqə yarada bilmirik.

Pandemiyadan sonra Moskva, Bakı, eləcə də Mingəçevirdə teatra böyük maraq yaranıb.

İnsanlar özləri teatra zəng edir, yazır, maraqlanırlar. Teatra gəlmək istəyirlər. Sadəcə, onlarla əlaqə vasitəsi tapılmalıdır. Biz öz tamaşaçılarımızın nömrəsini qeyd edirik, onlara hər həftə teatrın repertuarı barədə smslər göndəririk. Müxtəlif kampaniyalar həyata keçiririk ki, daha çox tamaşaçı cəlb edək.

- Müəssisə, təşkilatlarla da işləyirsinizmi?

- Bəli, işləyirik. Amma daha çox çalışıram ki, insanlar kassaya yaxınlaşsınlar. Təşkil məsələsindən uzaqlaşmaq istəyirəm. Hətta təşkil olunsa belə, teatrın kassasından təşkil olunsun.

- Söhbətimizə təyinatınızla başladıq, amma mənə altı illik Moskva yaradıcılığınız da maraqlıdır.

- 2016-cı ildə Mədəniyyət Nazirliyinin qərarı ilə Moskvaya getdim. Bakı və bölgə teatrlarında rəqs quruluşlarım var idi. Yəqin ona görə qərara gəldilər ki, məni rejissor təhsili almaq üçün göndərsinlər.

Moskva mənim bütün şəxsi və yaradıcı həyatımda yaxşı mənada dönüş nöqtəsi oldu. Mən orada Boris Şukin adına Teatr İnstitutunun ali rejissorluq fakültəsində oxuyurdum, eyni zamanda tədris teatrında işləyirdim. Orada dörd tamaşa hazırladım. İndi də vətəndəyəm, öyrəndiklərimi öyrətməyə hazıram.

- Teatr mühitini müqayisə edəndə sizi daha çox nə narahat edir?

- Bir kəlmə ilə cavab vermək istəyirəm - münasibət. Nərmin xanım, Moskvada teatrın içindəki adamların teatra münasibəti fərqlidir. Kiçik misal çəkəcəm. Bizdə hansısa “N” dövlət teatrının aktyoru tamaşadan 15 dəqiqə öncə qrim otağında tamaşaçı ilə selfi çəkib, “Premyeraya, yaxud tamaşaya 10 dəqiqə qalmış” şərhi ilə paylaşır.

Təsəvvür edin, mən cərraham və açıq beyin əməliyyatına girməliyəm. Beş dəqiqə öncə xəstənin qohumları ilə şəkil paylaşıram. Bu mümkün ola bilməz. Axı bu insan həyatıdır, əməliyyatdır. Bu baxımdan münasibət düzgün deyil. Teatrın içindəki insanların teatrın özünə münasibəti qeyri- peşəkardır. Peşəkar adamlar belə etməz. O insanın dostluğunda olan hər kəs şəkli görür və haqlı olaraq beynində fikir yaranır: “Görün, nə rahat işdir”, “kim istəsə bu işi bacara bilər”. Qətiyyən, belə deyil. Bu sənətlə bütün qayda-qanunları ilə məşğul olan adamlar bilirlər ki, bu, insan beynində açıq əməliyyat aparacaq qədər ciddi sənətdir.

Bu cür ciddi yanaşsaq Azərbaycanda teatr, kino, incəsənət aşağı səviyyədə olmaz. Biz ona ciddi yanaşsaq, tamaşaçılar, jurnalistlər, ədəbiyyatçılar da ciddi yanaşacaq. Məncə, fərq bundadır.

İşimizə münasibətimiz ciddi olsa, biz qeyri-ciddi əsərləri teatra buraxmayacağıq. Şekspirə, Axundova qeyri-ciddi yanaşmayacağıq.

- Hazırda teatrda tamaşalar gəlirləriniz hesabına hazırlanır? Pandemiyadan sonra əksər bölgə teatrları iddia edirdi ki, dövlət sifarişləri daha olmur.

- Azərbaycanın bütün teatrlarında ən azı ildə bir dəfə dövlət sifarişləri olur. Bildiyim qədər başqa bölgə teatrlarında da dövlət sifarişi olub.

Biz “Hacı Qara”nı dövlət sifarişi ilə hazırlamaq istəyirik. Bunun üçün tamaşanın konsepsiyasını, rol bölgüsünü, kostyumlarının eskizlərinizi nazirliyə təqdim etmişik. Məsləhət bilsələr, sifariş veriləcək.

- Dövlət sifarişli tamaşalar digər tamaşalardan yalnız maliyyə imkanlarına görə seçilir?

- Satdığımız biletlərin hesabına tamaşa hazırlayanda teatrın öz bazasından çıxış edərik. Dövlət sifarişi olanda, yəni dövlətin bir tamaşa üçün ayırdığı qrantın hesabına teatrımızın bazasına yeni nələrsə əlavə edirik: dekorasiya, səhnə geyimi, kostyumlar, əlbəsələr.

- Alternativ teatrlara münasibətiniz necədir?

- Bu sözdən mənim xoşuma gəlmir. Nəyə alternativ? Dövlət teatrına? Teatr elə bir yerdir ki, onun dövləti, alternativi olmur. Teatr ya var, ya yox...

Dövlət teatrı var ki, yalnız adı qalıb, sənəti heç nədir. Özəl teatr var ki, tamaşası min qat dövlət teatrının tamaşasından yaxşıdır.

Alternativ sözü məsələyə siyasi motiv qatır. Nə dəxli var, kim pulu hardan alır. Mənə bir yer verin və heç bir maliyyə ayırmayın. Sadəcə on aktyorun maaşını təmin edin və mən onlarla teatr yaradacam.

- Alternativ deyəndə əslində özəl teatrları nəzərdə tuturdum. Amma gəlin razılaşaq ki, özəl teatrlarda azad repertuar seçimi, istədiyin tamaşanı hazırlamaq haqqın var.

- Dövlət teatrında da təzyiq yoxdur. Mənə heç kəs repertuarı diktə etmir. Teatrın baş rejissoruyamsa, repertuarı da mən müəyyənləşdirirəm. Alternativ deyəndə "dövlətdən maliyyələşmir, öz istədiyini edir" deyirlər, mən də öz istədiyimi edirəm, amma teatr meyarları çərçivəsində.

- Biz biri-birimizi anlamadıq...

- Bu mənim yaralı yerimdir (gülür).

- Hər şəhərdə, kənddə dövlət teatrı yoxdur, əl çatmayan yerlərdə də teatrlar yaransa nə gözəl olar. Bakıda belə nümunələr var. Sizin özəl teatrlara münasibətinizi və dəstəyinizi bilmək istəyirdim.

- Mən özüm bunu təklif edirəm. Mingəçevir teatrında aktyorların özləri teatr dərnəkləri düzəldiblər. Digərinin rəqs qrupu var. Mən hamısına gedirəm, onlara köməyimi edirəm və istənilən şəraiti teatrın içində yaradıram. Deyirəm, məşq yerləriniz yoxdursa, gəlin bura. Otağınız yoxdursa, gəlin sizə otaq ayırım. Əsas odur ki, teatrla məşğul olsunlar. Vacib olanı budur...


Müəllif: Nərmin Muradova