12 Yanvar 2023 19:37
1 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dilbər tarixi bir obrazdır. Hər kəsin bildiyi, tanıdığı, sevdiyi Dilbərdir. Müşfiqin Dilbəridir. Rejissorumuz Mehriban Ələkbərzadə onun şəxsi keyfiyyətləri haqqında deyirdi ki, Dilbər çox gözəl və məsum olub. Onu o qədər qısqanıb, o qədər incidiblər ki… Bütün bunları danışanda mən düşündüm ki, deməli, Mehriban xanım bu keyfiyyətləri məndə görüb, sezib və ona görə bu rolu mənə etibar edib”.

Bu sözləri "Kod adı V.X.A - Vətən xainlərinin arvadları" tamaşasında Dilbər obrazına həyat verən gənc aktrisa Aygün Fətullayeva Teleqraf.com-a açıqlamasında bildirib.

O bildirib ki, Dilbəri teatr səhnəsində canlandırmaq böyük məsuliyyətdir:

“Dörd saatlıq tamaşada Dilbər birinci hissədə bir dəfə görünür. Mehriban xanım dedi ki, mən onu başqa cür xərcləmək istəmirəm. Bir səhnə kifayətdir ki, Dilbərin bütün ağrı-acısını təqdim edim. Onun dərdini orda danışım. Bildiyiniz kimi Dilbər Akmolaya getməyib, Bayıl həbsxanasından əvvəlcə tək adamlıq kameraya salınıb, daha sonra xəstəxanaya yerləşdirilib. O səhnədə - Müşfiqə olan həsrət, Müşfiqin qayıtmağına olan inam, həm də Müşfiqə olan giley var idi. Niyə belə oldu? Niyə biz ayrıldıq? Niyə biz bu günləri yaşayırıq?..

Mən tamaşadan öncə Dilbər Axundzadənin qızı Leyla xanımla görüşdüm. Onunla görüş mənə çox şey verdi. Leyla xanımla canlı ünsiyyətdə olmaq gözəl hiss idi, biz onunla Dilbərin Müşfiqdən sonrakı tənhalığı haqqında çox şeylər danışmışıq. O, tək idi, özünü belə tanımırdı. Necə böyük sevgi yaşayasan ki, Müşfiqdən sonra həyat mənasızlaşsın. Müşfiq yoxdursa, deməli, heç kim yoxdur.

Necə sarsıntı keçirəsən ki, öz varlığını belə unudasan. Bu, çox dəhşətli hekayədir. Leyla xanım premyeradan sonra məni qucaqladı və dedi ki, məni ağlatdın və yaxşı ki, Dilbəri sən oynadın. Sən mənim anamı canlandırırsan və mən yenidən o ağrını-acını hiss etdim”.

Aktrisa deyir ki, "Kod adı V.X.A - Vətən xainlərinin arvadları"na tamaşa deyil, teatr hadisəsi kimi yanaşmaq daha doğru olar.

"Bu işdə keçdiyimiz bir yol var. Bu yol özündə güc, səbr, sevgi, ağrı, tarix, yaddaş, əzm ehtiva edir. Bu tamaşa nəinki Gənc Tamaşaçılar Teatrında baş verən teatr hadisəsidir, ümumiyyətlə Azərbaycan teatr tarixinə möhür vuran bir işdir.

Tamaşanın özülü məhz stolarxası oxunuşdan başlayır. Buna ötən mövsüm başladıq. Mehriban xanım stolarxası oxunuşdan başlayaraq tamaşanı ilmə -ilmə işləyib. Lazım gələndə dəfələrlə bizi yanına çağırıb təkrar edirdi.

Stolarxası məşq kifayət edəndən sonra səhnəyə keçid etdik. Bu tarixi səhnədə teatr dili ilə canlandırmaq daha çətindir. İmkanlar bəzən canlı ünsiyyət, canlı təqdimat üçün məhdud olur. Burda montaj, ikinci bir şans yoxdur, necə o vaxt baş veribsə indi də biz bunu səhnədə göstərməliyik. Səhnədə məşqlərimiz başlayandan sonra qadınların çəkdiyi əzab-əziyyəti göstərərək biz də əzab çəkirdik.

Mehriban xanım bizə qurbanların fotolarını göstərirdi. Həmin fotolar onları gəlib evdən aparan zaman çəkilib. Gözlərindəki qorxu, "niyə" sualı. O şəkillərdə çox qəribə vəhşət var idi.

Bu teatr hadisəsi münasibəti ilə Mehriban xanım başda olmaqla teatrımızın rəhbərliyini, yaradıcı, texniki heyəti təbrik edirəm. Bu tamaşada mən deyil, biz var idiq. Biz bir yumruğa çevrilməyi bacardıq. Mehriban xanım bunu bacardı. Böyük kollektivlə işləmək, hər kəsi bir arada tutmaq, pərakəndə düşməməsi üçün çalışmaq, hər kəsə individual yanaşmaq böyük əzm tələb edirdi. Həm də böyük risk idi. Çünki Mehriban xanım çoxumuzla tanış deyildi və yeni kollektivlə böyük iş götürmüşdü. Amma o bütün bunların öhdəsindən layiqincə gəldi, biz də onu utandırmadıq. Böyük bir işin bir parçası olmaq da həmişə qismət olmur. Çox xoşbəxtəm ki, bu tamaşa Gənc Tamaşaçılar Teatrının adıyla tarixə yazıldı. Bunu xüsusi qeyd etməyinizi istəyirəm. Bununla qürur duyuram. Və bunu edən bizim baş rejissorumuz Mehriban Ələkbərzadə və Azərbaycan Gənc Tamaşaçılar Teatrının truppası idi. Belə tarixi hadisədə, belə böyük işin parçası olmaq və Dilbəri canlandırmaq mənim üçün çox böyük fərəhdir, qürurdur".


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova