8 Mart 2023 11:04
3 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Leyli Vəliyeva Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

“O, mənim yaralı yerimdir”

- Leyli xanım, sizi ilk dəfə Kamera Teatrının balaca səhnəsində “Albalı bağı” tamaşasında görüb, heyran olmuşdum. İndi də hər görüşümüzdə əllərini açıb, uzaqlara baxan, həyat eşqi ilə dolu, həvəslə danışan uzun donlu Ranevskayanı xatırlayıram.

- Ən sevdiyim tamaşadır, Nərmin.

- Teatrlar birləşəndən sonra “Albalı bağı” Gənc Tamaşaçılar Teatrının səhnəsində də oynanıldı. Amma tamaşa məni tutmadı. Gözüm elə o balaca səhnəni axtardı.

- Haqlısan, bunu tək sən demirsən. “Albalı bağ”ı mənim yaralı yerimdir. Bunu həmişə qəlbimin dərinliyində hiss edirdim, amma sonralar bir məqalədə də oxumuşdum: aktyorlar Çexovun əsərlərində oynamağı çox sevirlər.

Çexov çox həyatidir. Bu, sanki pəncərədən kiminsə otağına gizlicə baxmaq kimidir. Hər şey o qədər təbii, doğrudur ki... Şekspir, yaxud başqa dramaturqlar kimi Çexovda gizlənməyə heç nə yoxdur. Səhralıqdır, bir səngər belə tapa bilməzsən ki, ora sığınıb, tamaşaçıya yalan ötürəsən.

Şekspirdə bu mümkündür: ehtiraslarla oynamaq olur. Amma Çexovda heç bir aktyor gizlənə bilmir, aktyor ya var, ya da yoxdur. Onun tamaşalarında oynayan aktyorların hamısı mükəmməl olmalıdır. O, sanki sirkə bənzəyir, hər çıxan aktyor öz performasını göstərməlidir.

O mənada onun tamaşalarında oynamaq, onu dərk etmək, hətta tamaşaçının qəbullanmağı belə bizim mühitdə çətindir.

Təbii ki, tamaşanın alınıb, alınmaması da bu məqamda mühüm rol oynayır. Məncə, “Albalı bağı” Kamera Teatrında alınmışdı: səhnənin balacalığı, mühiti...

Amma bu səhnədə alınmadı.

- Ranevskayanın yaradıcılığınızda xüsusi rolu varmı?

- Rollarımın hamısı mənə əzizdir. Amma Ranevskaya bütün rollarımdan üstündür. O rolun üzərində işləyəndə çox zəhmət çəkdim. Amma bunun müqabilində insanların sevgisini qazandım. Mən “Albalı bağı”nı, Ranevskayanı axar suyu olan böyük bir çənə bənzədirəm. Və indi nə yaradıramsa, ondan ilhamlanıb, ondan qaynaqlanıram. O, mənim xəzinəmdir, rollarımın bazasıdır.

- Rol baxımından seçicisinizmi, ümumiyyətlə teatrda seçici olmaq mümkündürmü?

- Kamera Teatrında işləyəndə seçməyə ehtiyac yox idi. Orada bizə ən gözəl rolları verirdilər. Biz buludların arasında uçurduq. Hərdən deyirdik ki, bu qədər yaxşı rol oynamaq olarmı? Kollektivimiz az olduğuna görə deyil, Cənnət Səlimovanın, İrina Perlovanın rəhbərliyi altında çox gözəl repertuarımız var idi. Arzuladığın rolları sənə boşqabda gətirib verirdilər. Təbii ki, öhdəsindən gəlmək də asan deyildi. Rejissorlarımız çox tələbkar idi, rolu səndən almayınca rahat olmurdular. Gərək bütünlüklə rejissora təslim olasan.

O ki, qaldı Gənc Tamaşaçılar Teatrına, burda ürəyimcə olmayan rollar oldu. Amma mən bir əsgərəm, əgər komandir irəli getmək əmri verirsə, gedəcəm. Mənim üçün fərqi yoxdur, nağılda da, dramda da oynayıram. Hətta səhər nağılda oynayıb axşam ağır tamaşada rol alıram. Düzdür, bəzən bundan qıcıqlanıram, əsəbləşirəm. Narahat oluram ki, axşama enerjim çatmaya bilər. Amma heç vaxt rol ayrıseçkiliyi etməmişəm.

“Ağılsız rejissorda itirim, batıram, görünmürəm”

- “Obrazı bu cür yaratmaq istəyirəm” iddiasında olan və rejissora diqtə edən həmkarlarınıza münasibətiniz necədir?

- Közü öz qabağına, yorğanı öz üzərinə çəkmək- bəzilərində belə xüsusiyyət var. O cür aktyorları sevmirəm. Şükür ki, sayları azdır. İstəyirlər hamı onlara qulluq etsin, sanki ssenari, pyes onlar üçün yazılır.

Mən işlədiyim rejissorları sevirəm, onlara aşiq oluram. Yəni ona müəllim, yol göstərən, komandir kimi vurulmasam iş alınmayacaq. Mənim həyatımda hər şeyi sevgi xilas edib. Sevmədiyim adamla işbirliyim alınmır. Hətta küsülü olduğum aktyoru da tamaşa davam edən iki saat müddətində sevirəm. Özümü sevməyə məcbur edirəm.

O mənada rejissorların dediklərini etməyə çalışıram. Sonra yavaş- yavaş öz bildiyimi edirəm. Təbii ki, o məni qəbul edib razılaşır. Razılaşmasa, etmirəm. Çünki hər halda rejissor bizim hamımızdan ağıllıdır. O uzaqdan görür. Söhbət ağıllı rejissordan gedir. Ağılsız rejissorda mən itirim, batıram, görünmürəm. Ağıllı rejissorlar rolların üzərində işləyirlər, hadisəsini, kuliminasiyanı tapırlar. Bir rejissor tanıyıram, o rolun sxemini çəkmişdi. O qədər təəccüblənmişdim. Ona hörmətim birə-beş artdı. Elə rejissora ürəyimi də verərəm.

- Rejissorlarla mübahisə etmisinizmi?

- Bəzən etmişəm. Amma anlamışam ki, yaxşı rejissor sözə qulaq asır, bir az kar, öz aləmində olan, özündən razı rejissor adama qulaq asmır. Elə rejissorla işləməyi sevmirəm. Onlarla bizim anlaşmamız tutmur. Adətən bu seriallarda daha tez-tez baş verir. Qıcıqlanıram, ona görə də çəkilməyə o qədər meyl göstərmirəm.

- Leyli xanım, əvvəlki illərə nisbətdə son dövrlər sizi mütamadi böyük ekranda görürəm. Xüsusən, "Hasar"dakı oğlu şəhid olan ana obrazınız, Vidadi Həsənovla tərəf müqabilliyinizin ekrana yansıyan gözəl enerjisi...

- "Hasar"ın ssenarisi çox xoşuma gəlmişdi. Rejissor Qulu Əsgərovun da işlərini görmüşdüm. Düşünürdüm ki, yaxşı ssenari, yaxşı rejissorla işləmək və Vidadi Həsənovla tərəf müqabili olmaqla gözəl bir iş ərsəyə gələcək. Elə də oldu. Filmə sevə- sevə çəkildim. Zəhmətimiz hədər getmədi. Tamaşaçılar bəyəndi, film festivallarda da yaxşı nəticələr əldə etdi. Bu məni sevindirir.

Hazırda Qulu Vətən müharibəsi qazisi haqda bir film çəkir, mən də orda rol alıram. Arzu edirəm ki, bu filmin də səsi- sorağı yüksəklərdən gəlsin.

“Nə yaraşıqda, nə də bacarıqda məndən yaxşı aktrisanı çəkmədi”

- “Kinoda şansı gətirən və gətirməyən aktyorlar” ifadəsi tez-tez işlədilir. Məncə, hər aktyor və aktrisanın içində göz önündə olmaq sevgisi var. Kimində bu azdır, kimində çoxdur, amma var. Bildiyim qədər siz də kino aktrisası olmaq istəmisiniz.

- Bu sənətə filmləri sevərək gəlmişəm. Rayonumuza tamaşalar gəlirdi, amma qeyri-peşəkar, səviyyəsiz...Rayon uşaqları onları fitə basıb, qışqırırdılar...Onlar da xaltura edib gedirdilər.

Bu formada teatrı necə sevə bilərdim? Televiziyada isə italyan, fransız, hind filmləri göstərilirdi. Onlara baxıb həvəslənirdim. Kinoya çox meylliydim, bəlkə teatrda işləyəndən sonra, bəlkə Cənnət Səlimova, bəlkə də repertuar mənə teatrı sevdirdi.

“Kinoda bəxtim gətirmir” deməzdim. Mənə elə gəlir ki, bu sevgi məsələsidir. Mən oranı, o atmosferi sevmirəm. Bəziləri deyir kinoda özümü suda balıq kimi hiss edirəm, mən bu ifadəni teatr üçün işlədirəm.

Düzdür, ekranda özünü görmək, şan-şöhrət gözəl hisdir, hər kəsin xoşuna gəlir. Təbii ki, aktyorların hər biri şöhrəti sevir. Bu sənətin yanında şöhrət sözü də var. Amma mən kinonu sevmirəm.

(Bir az pauza)

Vaxtında istifadə etmədilər, Nərmin. 20 il bundan qabaq çəkilmək istəyirdim. Sınaq çəkilişi də olmuşdu.

- Bəs sonra? Niyə alınmadı?

- Məni qıcıqlandıran odur ki, rejissor nə yaraşıqda, nə də bacarıqda məndən yaxşı aktrisanı çəkmədi.

O film uğur da qazanmadı. Axı qazana da bilməz. Ya məni çəkərdin, ya da məndən yaxşısını. Getdin kimi, kimləri çəkdin? Gərək kinoda rejissor anamdır, bacımdır, qardaşımdır, balamdır deyib çəkməsin. Rola kim uyğundursa onu çəksin.

Nofəl (Söhbət Leyli xanımın həyat yoldaşı, Əməkdar artist, rejissor-aktyor Nofəl Vəliyevdən gedir- red.) neçə tamaşa qurub, hələ birində də mənə rol verməyib. Çünki uyğun gəlmirəm. Deyir, Leyli bu rol üçün sən çox güclüsən, bu rol üçün sən qəşəngsən. Görürəm dediyində həqiqət var.

Təbii şans düşəndə - yaxşı ssenari, yaxşı komanda olanda kim imtina edər ki...Şöhrətdi, şandı, amma nə bilim mən teatrı sevirəm. Nə məşqdən, nə tamaşadan doyuram. Kinoda hələki istədiyimi alındıra bilməmişəm.

“Tamaşadan öncə eqoist oluram”

- Bacınız, aktrisa Güşvər Şərifova sizdən daha çox çəkilir. Yəqin o kinonu daha çox sevir.

- Güşvər teatrı da dəli kimi sevir. Mən ona baxıb bu sənətə gəlmişəm. O teatrdan, məşqdən, səhnədən o qədər danışırdı ki, bizim nə yemək, nə yatmaq, nə ev işləri yadımıza düşürdü. Ağzım açıq ona qulaq asırdım. Yəqin bu qismətdir.

Biz iki bacı bu otağa düşürüksə o qədər söhbət edəcəyik ki...Tamaşadan öncə danışmırıq. Mən tamaşadan öncə eqoist oluram. Buna görə bəzən aktyor yoldaşlarım məndən inciyirlər. Deyirlər, Leyli xanım salam verir və keçib küncdə oturur. Belə də olmalıdır. Çünki mən iki saat dayanmadan səhnədə o hisdə, o həyəcanda olmalıyam.

- Məncə, ən düzü budur.

- Mən heç danışa-danışa səhnəyə çıxıb uğur qazanan aktyor görmədim. Gərək tamaşadan öncə özünü yormayasan.

İmtahan da belədir. İkisindən də öncə gərək heç nəyə baxmayasan. Çünki beyin onun şəklini çəkir və yadında qalır. Sonuncu dəfə Türkiyə hadisələrinə çox baxdığıma görə özümü çox pis hiss edirdim. Və onun səhəri günü tamaşanı yaxşı oynaya bilmədim. Düzdür, ətraf başqa söz dedi, amma özüm hiss etdim. Həqiqətən roluma adaptasiya ola bilmədim.

"Güman edirəm ki, Ceyranın ruhu məni sevdi"

- Leyli xanım hazırda “Kod adı VXA- Vətən xainlərinin arvadları” tamaşasında Ceyran Bayramova - çox hərəkətli, yükü olan obrazla səhnədəsiniz. Mənə görə belə hərəkətli, işgəncələrə məruz qalan ilk rolunuzdur. Yanılıramsa, siz düzəldin.

- Doğrudur, Nərmin. Tamaşanın stolətrafı oxunuşu bir ay çəkdi, sonra səhnəyə keçdik. İçimdə həyəcan var idi ki, görəsən sözlər yadımda qalacaqmı? İlahi, heç bilmədim, mən o sözləri necə mənimsədim. Səhnədə heç bir aktyor əlinə dəftəri götürmədi, Mehriban xanım (Mehriban Ələkbərzadə- red) sözləri hadisəyə elə otuzdurub, hərəkətlərlə elə uyğunlaşdırdı ki, səhnədə bir dəqiqə boş dayanmaq mümkün deyil. Müasir tamaşaçı da bunu istəyir. Artıq tamaşaçı işığın altında dayanıb monoloq deməyi sevmir, hərəkət istəyir.

Həqiqətən böyük bir işdir. Teatrın 70-dən çox aktyoru tamaşada rol alır. Bu, teatrımızın tarixində ilk belə haldır.

Düzdür, ilk məşqlərdən çox yorulurduq. Şəxsən mən bəzən ağlayırdım. Döyülmələr, yıxılmalar - bu özü də enerji itkisidir. Bəzən o qədər tərləyirdim ki, bədənim suyun içində olurdu, bəzən boğazımda udqunmağa heç nə tapmırdım. Xüsusən Akmola səhnəsində kulisə çıxıb uşaqlara əl edirdim ki, mənə su gətirsinlər.

Əvvəl -əvvəl xırda zədələnmələr, göyərmə, şişmələr oldu. İndiyə qədər belə hərəkətli, yıxılmalı-durmalı tamaşada oynamamışdım. O baxımdan yavaş-yavaş hər şeyə texniki tərəfdən yanaşdıqca artıq yolunu tapırdım.

Bütün aktyor heyətinə minnətdaram. Çox gözəl bir iş ərsəyə gətirdik. Bəzən zəhmət çəkirsən amma bəhrəsini görə bilmirsən. Bu tamaşanın çox gözəl bəhrəsini alırıq.

Ceyranı orta məktəbdən tanıyırdım. O vaxtlar adı çox hallanırdı. Amma daha dərindən tanımağım bu rol sayəsində oldu. Güman edirəm ki, Ceyranın ruhu məni sevdi.

Yəqin ki, canlandırılan digər qadınların da ruhları şad oldu. Biz onları sevə-sevə, göz yaşları ilə oynadıq. Ruhları şad olsun.

"Gürcüstanın, Türkiyənin aktrisalarına baxın, çox arıqdılar, sanki..."

- Leyli xanım, səhnə aktrisası kimi formada qalmaq üçün siz nə edirsiniz?

- Bir az genetikadır. İndiki qidalar insanı kökəldir. Hiss edirəm ki, yaş artdıqca kökəlməyə meyllənirəm. Hətta ötən il 10 kilo bundan artıq idim. İndi yaxşıyam. Axşamlar az yemək yeyirəm. Ümumiyyətlə, az-az yeyirəm. Arada idmanla məşğul oluram. Səhnədə işim olmayanda formadan düşürəm, bunu etiraf edirəm.

- Bəzi aktrisalar köklüyü ilə barışır, səhnəyə də elə çıxır.

- İradə lazımdır, Nərmin. Səhnə, ekran artıq kilonu sevmir. Bizim aktyorlar hətta mən belə dünya teatr aktyorlarına görə kökəm. Mən öz teatrımıza görə yaxşı ola bilərəm, amma Gürcüstandan bura aktrisalar gəlsələr mən onların yanında kök görünəcəm. Gürcüstanın, Türkiyənin aktrisalarına baxın, çox arıqdılar, sanki hamısı balerinadır.

Artıq çəkinin nə sağlamlığa, nə də səhnəyə heç bir xeyri yoxdur. Aktrisa nə qədər arıq olursa səhnədə gözəl görünür, paltar da qəşəng yaraşır.

- Sizi heç vaxt qısa saçda görməmişəm.

- Olmaz. Aktrisanın saçı ya çox qısa olmalıdır, ki o parik taxa bilsin. Ya da aktrisanın saçı olmalıdır. Saçım mənim var dövlətimdir.

Amma etiraf edim ki, ürəyimdən keçir. Hər cür saç düzümü, hər cür rəng qoymaq istəyirəm. Amma olmaz. Səhnə sarı rəngi sevmir, çünki işıqların altında yaxşı görünmür. Qara – səhnə üçün ən gözəl rəngdir.

- Əsgər kimi bütün qaydalara riayət edirsiniz.

- Nərmin, mən soyuq qatığı elə sevirəm...Amma yeyə bilmirəm. Düşün ki, onu qazın üzərində qızdırıb sonra yeyirəm. Eləcə də meyvələri...Soyuq heç nə yemək olmaz. Çünki alətimiz olan - səs tellərimizi zədələyir. Bu sənətdəsənsə formada qalmağı bacarmaq lazımdır.


Müəllif: Foto: Elnur Muxtar, Nərmin Muradova