4 May 2023 14:48
3 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətən müharibəsi haqqında “Mən burdayam, İlahi” filminin çəkilişlərini başa çatdırdıq. Azərbaycanda kino sektorunun vəziyyətini nəzərə alsaq, deyə bilərəm ki, xeyli maneələrlə qarşılaşdıq. Mövzunun Vətən müharibəsi haqda olmasına baxmayaraq, maliyyə tapmaqda çətinlik çəkirdik. Hətta elə məqam oldu ki, büdcəni toplaya bilməyəcəyimizi düşündük. Amma geri çəkilmədik, işi yarımçıq qoya bilməzdik. Çəkilişlər bitib, amma yenə də müəyyən maddi sıxıntılar qalır, əsasən də post-prodakşn və PR məsələləri ilə bağlı. Müraciət etmək istədiyimiz bir sıra dövlət qurumları və özəl şirkətlər var. İnanırıq ki, belə bir mövzunun film kimi işıq üzü görməsində bizə dəstək olarlar”.

Bunu Teleqraf.com-a söhbətində filmin istehsalçısı “Cineart Group”un təsisçisi və filmin ssenari müəllifi Nicat Dadaşov deyib.

Onun sözlərinə görə, “Mən burdayam, İlahi” filminin ideyası real hadisədən qaynaqlanır:

“Müharibə zamanı cəbhə xəttində baş verən hadisələrdən televiziya, sosial media vasitəsilə xəbər tuturdum. O dönəmdə bir sıra dramatik hekayələr eşitdim.

Şuşanın fəth olunmasında iştirak edən rütbəli zabitimiz yaralanıb, üç aydan sonra komadan ayılır və övladına- qızına sahib çıxmağa çalışır. Həmin xəbərdən təxminən bir il sonra sözügedən zabiti çətinliklə də olsa axtarıb tapdım, bir neçə dəfə görüşdüm, nəticədə bu film ərsəyə gəldi”.

Nicat Dadaşov ssenarini yazmağa başlamamışdan öncə uzun, amma həddindən artıq faydalı bir araşdırma prosesi keçdiyini deyir:

"Ssenarinin inkişaf dövründə yeddi müharibə iştirakçısı ilə görüşdüm. Öncə onların vuruşduğu vəziyyəti araşdırmaq istəyirdim. Bu, personajı yaratmaqda mənə çox kömək oldu. Müxtəlif döyüş taktikalarını incələyirdim. Təbii ki, bu söhbətlər hər zaman çətinliklə açılır, çünki onların demək olar ki, hər biri döyüş bölgəsində bir dost, bir qardaş, bir yoldaş itiriblər. Bu ağrı hələ də onların gözlərində görünür. Elə ona görə də bu mövzu mənim üçün bu qədər mühüm və həssasdır.

Digər tərəfdən, filmdə üç aylıq komadan ayılan əsgərin səhhətində baş verən dəyişiklikləri də düzgün çatdırmaq lazım idi. Bunun üçün bir müddət yerli hospitalların həkimləri ilə ünsiyyət qurdum. Hətta komaya düşmüş bir insan da tapıb onun sonrakı həyatı haqqında sorğu-sual elədim.

Bu filmi istehsal edəndə qarşımızda bir şüar dayanmışdı, o da qazilərimizə və ümumiyyətlə yaşamaq eşqi tükənən hər bir insana aiddir: Yıxıldığın yerdən ayağa qalxmaq mümkündür, hətta vacibdir. Həyat davam edir.

Mən inanıram ki, bu filmi izləyəcək insanlar həm kövrələcək, həm düşünəcək, həm də yaşamaq üçün hər birimizin mütləq bir səbəbi var deyəcəklər”.

O qeyd edib ki, film sentyabr ayının sonlarında, anım günündən sonra tamaşaçıların ixtiyarına veriləcək.

"Mən burdayam, İlahi" filminin quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadədir.

Filmdə Rasim Cəfər, Leyli Vəliyeva, Ayşad Məmmədov, Aygün Əlipənahova, Günay Həsən çəkilib.


Müəllif: Nərmin Muradova