5 Mart 20:59
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq TÜRKSOY təşkilatının birgə təşkil etdiyi Türk Dünyası rəssamlarının Tomris beynəlxalq sərgisi baş tutub.

Teleqraf.com xəbər verir ki, sərgidə mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək sərginin əhəmiyyətindən danışıb:

"Tomris obrazına ilk müraciətlər orta əsr qərb rəngkarlığına aiddir. Tomris türk tarixinin mərkəzi fiqurlarından biridir. Tomris obrazına 20-ci əsrdə türk rəssamları, yazıçıları və digər incəsənət xadimləri tərəfindən müraciət olsa da 21-ci əsrdə yeni ruh əldə edib. Bugünki sərgidə Tomris obrazına müxtəlif yanaşmaları, fərqli baxışları, müxtəlif bədii üsulları özündə əks etdirir. Burada Mərkəzi Asiyadan, Türkiyədən və Azərbaycandan olan 20 rəssamın əsərləri nümayiş edilir. Tomris tarixi şəxsiyyət kimi özündə hökmdar, sərkərdə və həm də incə qadın və ana obrazını birləşdirir. Vətənini öz övladından daha üstün tutan qadın obrazını birləşdirir. Ona görə türk tarixində, mədəniyyətində onun yeri özünəməxsusdur. Ümid edirik ki, sərgi öz rəngarəngliyi ilə sizin zövqünüzü oxşayacaq".

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev isə çıxışında bildirib ki,
sərgidə Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkiyədən qatılan 20 sənət nümayəndəsinin 35 əsəri nümayiş edilib: "8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi önəmin təzahürüdür. Tomris haqqında bu günə qədər çox əsər yazılıb, kino və teatr sahəsində xarakteri yaradılıb. Onun obrazı mədəniyyət mirasımıza zənginlik gətirib. Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris bu torpaqlarda yaşayıb və türk dünyasının ilk hökmdar qadın ünvanını alıb. Sərgiyə görə Mədəniyyət naziri Adil Kərimliyə və əməyi keçən hər kəsə təşəkkür edirəm".

Sərgidə əsəri nümayiş olunan bir digər türk rəssamı, Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun oğlu Eldar Aytmatov da, öz növbəsində sərgi barədə təəssüratlarını bölüşüb. Eldar Aytmatov Tomris obrazının türk dünyası üçün vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbirdə mədəniyyət nazirinin müavini Səadət Məmmədova, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və Fondu İrsinin Prezidenti Aktotı Raimkulova, eləcə də bir sıra hökumət nümayəndələri, deputatlar, tanınmış rəssamlar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova