“Məhz Məşədi İbad kimi klassik və məsuliyyətli bir obrazın ifasına görə “Zirvə” mükafatına layiq görülməyim mənim üçün ikiqat əhəmiyyətə malikdir. Çox böyük həyəcan və sevinc içindəyəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Şövqi Hüseynov “Zirvə” mükafatına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib: “Mən cənab nazir Əbülfəs Qarayev başda olmaqla Mədəniyyət və Turizm Nazirliyinə, Musiqili Teatrın direktoru Əliqismət Lalayevə, ustadım, tamaşanın rejissoru Cənnət xanım Səlimovaya minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Ş. Hüseynov məhz Musiqili Teatrda “O olmasın, bu olsun” tamaşasındakı Məşədi İbad obrazının uğurlu ifasına görə Milli Teatr Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Ş. Hüseynovun oynadığı Məşədi İbad yeni və orijinal ifa tərzi ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb.
Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, 15 mart tarixində Şövqi Hüseynov 10-cu dəfə Məşədi İbad obrazında tamaşaçıların qarşısına çıxacaq.
“O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimovadır. Tamaşada milyonların sevimli gülüş ustası xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, əməkdar artistlər Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları çıxış edirlər.
Nərmin