29 Oktyabr 2015 13:23
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək. Teleqraf.com sənətçilər arasında seçki ilə bağlı sorğu keçirib: “Nə vaxtsa siyasətə qoşulmaq, millət vəkili olmaq istərdinizmi? Bu seçkidə kimə səs verəcəksiniz?”

Nəticələri təqdim edirik:

Fidan Qasımova: “Belə bir suala cavab vermək çox çətindir. Özümün yox, bacım Xuraman Qasımovanın millət vəkili olmasını istərdim. Məni yaxşı tanıyırlar, SSRİ Xalq artistiyəm, belə bir görəvə layiq ola bilərəm. Amma Xuramanın deputat olmasını daha çox istərdim, çünki o, məndən gəncdir və xalq onu da yaxşı tanıyır.

Xuraman sıradan bir insan deyil və dünyaya özünəməxsus yanaşması var. Tanınmış sənətçidir, gözəl düşüncələri var. Xuraman millət vəkili ola bilər”.

Bəsti Cəfərova: “Nə vaxtsa millət vəkilliyinə namizədliyimi vermək fikrim yoxdur. Yaradıcı fəaliyyətlə məşğul olan insanam. Siyasi-sosial məsələlərdə elə də fəal iştirak etmirəm. Kim millət vəkilliyinə namizədliyini verirsə, Allah yolunu açıq eləsin. Hər birinə müvəffəqiyyət arzu edirəm.

Onu da deyim ki, gələcəkdə hansı fikirdə olacağımı bilmirəm. Belə bir söz var: “Heç vaxt, “heç vaxt” demə”. Sadəcə, indi millət vəkilliyinə namizədliyimi vermək fikrim yoxdur. Çünki yaradıcı işlərim çoxdur, başqa işlərə vaxt ayıra bilmərəm. Teatrda, universitetdə işləyirəm. Hələ ki, kimə səs verəcəyimi müəyyənləşdirməmişəm. Ancaq seçkilərdə qızım da, mən də mütləq iştirak edəcəyik”.

Kamilə Babayeva: “Həmkarım Aysel Əlizadə millət vəkilliyinə namizədliyini verib Ona uğurlar arzu edirəm. Layiqdirsə, mütləq layiqli yerini tapacaq. Hələ ki, kimə səs verəcəyimi müəyyənləşdirməmişəm. Amma seçkilərdə mütləq iştirak edəcəm. Bu, bizim hamımızın borcudur”.

Mətanət Əliverdiyeva: “Millət vəkilliyinə namizədliyimi vermək fikrim yoxdur. İstəsəydim, bu il namizədliyimi verərdim. Sonrakı mərhələyə – beş ildən sonraya saxlamazdım. Millətin qızı kimi mən öz işimi, millət vəkilləri də öz işlərini görsünlər. Onlar öz seçicilərinin ümidlərini, gözləntilərini doğrultsunlar. Namizədimi isə hələlik müəyyənləşdirməmişəm. Amma mütləq seçkidə iştirak edəcəm”.

Tünzalə Ağayeva: “Sosial layihələrdə iştirak edirəm. Amma yaxın zamanlarda siyasətə qoşulmaq fikrim yoxdur. Hələ ki, yaradıcılığımla məşğulam. Mənə inanan insanlar çoxdur. Bu haqda sadə insanlar tərəfindən tez-tez müraciətlər olur. Millət vəkili olmaq insan üçün məsuliyyət tələb edir. Məsuliyyəti ağır olduğuna görə hazırda özümü orada görmürəm”.

Aşıq Zülfiyyə: “Gələcəkdə qətiyyən millət vəkilliyinə namizədliyimi vermək fikrim yoxdur. Çox gözəl siyasətçilərimiz var. Hər birinə böyük hörmətimiz var. Düşünürəm ki, sənətlə məşğul olan insan sənəti ilə məşğul olsa, daha yaxşı olar. Kimə səs verəcəyimi isə hələ dəqiqləşdirməmişəm”.

Afaq Bəşirqızı: “Siyasətə qoşulmaq fikrim yoxdur. Sənətkar sənətdə olmalıdır. Namizədimi isə hələ müəyyən etməmişəm”.

Tünzalə Əliyeva: “Millət vəkili olmaq istəmərəm. Çünki o qədər də bacarığım yoxdur. Millət vəkilinin xalqı ətrafında aparmaq gücü olmalıdır. Mənim o qədər imkanım yoxdur. Ümumiyyətlə, siyasi biliyim yoxdur. Öz işimlə ancaq məşğul ola bilirəm. İnanın ki, namizədimi də hələ müəyyənləşdirməmişəm”.

Dilarə Əliyeva: “Düzü, namizədimi hələ müəyyənləşdirməmişəm. Millət vəkilliyinə namizəd olmaq fikrim də yoxdur. Özümü qətiyyən o sahədə görmürəm. Ümumiyyətlə, məndə o istedad, o bacarıq yoxdur”.

Fərda Xudaverdiyev: “Səs verəcəyim namizədi müəyyənləşdirməmişəm, İşlərim çoxdur. İki gün ərzində bir dəfə siyahıya baxmaq kifayət edəcək ki, kimə səs verəcəyimi müəyyən edim. Sözsüz ki, xalqın dərdinə yanan namizədə səs verəcəyik. O ki qaldı millət vəkili olmağıma, gələcəkdə niyə də olmasın? Xalq bizi istəyirsə, bu səviyyəyə gətiribsə, hər zaman millətin qulluğunda olmalıyıq”.

Günay ibrahimli: “Oktyabrın 30-u millət vəkili Bahar xanım Muradova ilə birlikdə Füzuliyə gedirik. Seçkilərdə hər kəsə uğurlar arzu edirəm. Layiq olan qalib gəlsin. Bəlkə də, gələcəkdə millət vəkili olmaq istəyərəm. Hələ ki, fikrim yoxdur. Çünki mənim üçün tezdir”.

Nazənin: “Millət vəkili olmaq fikrim yoxdur. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Hazırda hamımızın ən böyük arzusu dəyərli ziyalımız Vüqar Əhmədin millət vəkili olmasıdır”.

Rəqsanə


Müəllif: