20 Noyabr 2015 16:20
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balaca tamaşaçılar onları hər dəfə səhnədə görürlər. Görüb şənlənirlər, həyəcanlanırlar, sevirlər. Söhbət kuklalardan gedir: aktyorlar vasitəsilə cana, dilə gələn kuklalardan... Bu dəfə “Səhnə arxası” rubrikası Kukla Teatrının rəssamları ilə görüşüb, kuklalar ilə maraqlandı. Əvvəlcə rəssamların toplaşdığı balaca otağa yollandıq. Baş rəssam İqbal Əliyevlə söhbətə başladıq...

Rəssam otağı necə olar? Əlbəttə, işgüzar ab-havada. Bir tərəfdə hazırlanmış kuklalar, bir tərəfdə eskizlər, bir tərəfdə hələ kukla olacaq əllər, ayaqlar...

- İqbal bəy, hazırda hansı tamaşanın kuklaları hazırlanır?
- Hazırda seximizdə gənc rejissor Anar Məmmədovun qurduğu “Oyaq gözəl” tamaşasının kukları hazırlanır. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. “Yatmış gözəl” tamaşasını hər kəs bilir. O tamaşanın motivləri əsasında “Oyaq gözəl” tamaşasını hazırlayırıq. Bu fərqli tamaşa olacaq. Dekabr ayının 3-ü tamaşanın daxili baxışı olmalıdır, ondan sonra tamaşaçılara təqdim edəcəyik. “Oyaq gözəl” Əfşanın ilk işidir. İnanıram ki, hər kəs bəyənəcək.

- Eyni vaxtda neçə tamaşanın üzərində işləyə bilirsiniz?
- Hazırda məndən başqa iki rəssamımız var: Rəvanə Yaqubova və Əfşan Əsədova. Başqa rəssamlarımız analıq məzuniyyətindədirlər. Rəvanə xanım teatrın baş rejissoru Qurban Məsimovla birgə “Melodiya” eksprimental tamaşanın üzərində işləyir. Həmçinin mən Qurban Məsimovun “Tilsimli meşə” tamaşası üzərində çalışıram. Dekabr ayı üçün bu tamaşalar tamaşaçıların ixtiyarına veriləcək. Ona görə sexlərdə kuklalar, geyimlərin hazırlanması tam gücü ilə davam edir.

- Kuklaların hazırlanması üçün metariallar hansı ölkədən gəlir? Kuklalar necə hazırlanır?
- Materialları buradan alırıq. Rejissor rəssamla pyes üzərində işləyir, personajları müəyyənləşdirirlər, sonra rəssam hər bir obraza uyğun eskizlər hazırlayır, heykəltəraş isə həmin eskizlər üzərində kuklaların başlarını düzəldir. Sonra qəlibi çıxarılır, ardınca qəlibin içərisində kuklalar “formovka” olunur. Çox uzun prosesdir. Sonlara yaxın kuklaların üzərində mexanik işləyir. Ən sonda isə rəssamın ixtiyarına verilir.

- Kuklanın hazırlanması neçə gün davam edir?
- Əslində bir tamaşa üç aya hazırlanmalıdır. Amma gedişatdan da çox şey asılıdır. Kukla Teatrının əsas xüsusiyyətlərindən biri də odur ki, bir aktyor səhnədə beş rol oynaya bilər. Hər bir rolun da üzərində işləməlidir. Kukla Teatrının da aktyorlarının üstün cəhəti bundan ibarətdir. Kukla hazır olandan sonra rənglənir və teatrımızın gözəl dərzisi Ülviyyə xanım onları geyindirir. Ancaq ondan sonra aktyorların ixtiyarına verilir. Tamaşa təqdim olunandan sonra isə kuklalar tamaşaçıların ixtiyarına verilir.

- Olurmu ki, kukla hazırlanandan sonra rejissorun xoşuna gəlməsin?
- Xeyr. Kukla eskizlər əsasında hazırlanır. Ki, bu eskizi də rejissor təqdir edir. Hər gün rejissor iş prosesi ilə tanış olur. O sexlərə girir, kuklaların hazırlıq prosesi ilə maraqlanır. Teatr sənəti sintetik sənətdir, ona görə də hər şey bir-birinə zəncirvari bağlıdır. Aktyor da kuklaların hazırlanma prosesində iştirak edir. Çünki kukla o aktyorun özüdür. O kukla ilə aktyor ünsiyyətdə olacaq, plastikasını ona keçirəcək. Hərdən olur ki, aktyor özü gəlib deyir ki, mənim oynadığım kuklada filan şey belə olsun, qolu belə hərəkət etsin, gözü belə açılıb -bağlansın. Bu işə daha yaxşı təsir edir. Çünki hər bir aktyor roluna imrpovizələrini də əlavə edir. Əlbəttə, bu improvizələr rejissorla məsləhətləşərək baş verir.

- Kuklada ən çox nəyə fikir verirsiniz?
- Bu Kukla Teatrında ən məsuliyyətli bir işdir. Çünki indiki dövrdə kuklaları uşaqlara sevdirmək çətindir. Onlar Disneyin cizgi qəhrəmanlarını, internetdə izlədikləri multiklərin personajlarını tanıyırlar. Ona görə onları aldatmaq mümkün deyil. Tamaşada qorxulu obraz olanda uşaqlar bundan qorxurlar. Amma evdə televizor qarşısında qorxulu obrazlara reaksiya vermirlər. Hətta teatrdakı qorxulu obrazlar şişirdilir, müzakirə mövzusuna çevrilir. Ona görə biz çalışırıq ki, qorxulu obraz yaratdıqda belə onlara özünəməxsus şirinlik verək. Məsələn, qorxulu obrazlardan biri olan əjdaha... Biz o əjdahanı şirinləşdiririk. Rənglərə çox önəm veririk. Milli çalarlarda tünd qəhvəyi rəng, qırmızı, qızılı rənglər üstünlük təşkil edir. Amma indi o rənglər çox işləndiyindən gözləri yorur. Disneyin rəngləri parlaq və işıqlı rənglər olur. Biz də o rənglərə üstünlük verməyə çalışırıq.

- Təcrübə üçün xarici ölkələrə getmək şansınız varmı?
- Biz təcrübəni əsasən qastrol səfərinə gedəndə əldə edirik. O zaman biz onların sexlərində olub, bizi maraqlandıran suallara cavab axtarırıq. Sizə deyim ki, elə də çox fərqimiz yoxdur. Təbii istəyərəm ki, Çində təcrübə keçək. Çünki onların kuklaları inanılmaz hərəkətlər edə bilirlər, məsələn kuklaların ağzından od çıxa bilir. Amma bir şey deyim, heç onlar da belə sirləri açmırlar. Planda var ki, qarşıdakı mövsümdə təcrübə üçün xarici ölkələrə gedək. Xaricdəki kuklalar bizdə də var: marionet kuklalar, parket kuklalar və s.

- Regionda yerləşən kukla teatrları daha çox materiallar baxımından əziyyət çəkirlər. Sizin çətinliyiniz nədədir?
- Biz region teatrlarına da bu baxımdan köməklik göstəririk. Rayon teatrlarında sırf bu işlə məşğul olan insanlar azdır. Eyni materialla işləyirik: kağız, kley, gil, parçalar... Sadəcə, ola bilsin ki, onlarda bu işdə istəyi olan adamlar azdır. Gərək sənətə sevgi ilə yanaşasan. İnandırıram sizi, o sevgi olmasa çox çətin olar.

- Hazırladığınız kuklaları buradamı saxlayırsınız?
- Hamısını sexdə saxlayırıq. Repertuardan çıxan tamaşaların kuklalarını nazirliyə təhvil veririk, onlar da bəzən rayon teatrlarına göndərilir. “Göyçək Fatma” tamaşası 20 ilə yaxındır ki, repertuardadır. Və vaxtaşırı yeni quruluşlar zamanı kuklalarda da bərpa işləri aparılır.

- Kuklaların ömrü nə qədərdir?
- Yaxşı baxsanız 20-30 il qalır. Zədə alan kuklaları yenidən düzəldiririk.

- İqbal bəy, yadımdadır, siz teatra rəssam kimi deyil, aktyor kimi gəlmişdiniz?
- Aktyor kimi gəldim, amma sonra teatrın direktorunun məsləhəti ilə baş rəssam vəzifəsini icra etməyə başladım.

- Teatra rəssam kimi gəlmək istəyənlər nə etməlidirlər?
- Bizə heykəltəraşlar gəlib, lakin bir müddət işləyəndən sonra gediblər. Çünki yaxşı heykəltəraş olmaq yaxşı kukla hazırlamaq demək deyil. Marağı olanlar gəlir, yaxşı əl işləri olanlar qalır.
Daha sonra baş rəssam bizi eskizlərlə tanış edir:

- Bu, bizim yeni tamaşalarımızdan eskizlərdir. Çəkməli pişikdir bu...
Bu arada, gənc rəssam Əfşan Əsədovanı da söhbətə çəkirəm...

- Əfşan, ilk işini təqdim etmək ərəfəsindəsən. Həyəcanlısan?
- Fevral ayından burada işləyirəm. Rəssamlıq Akademiyasını bitirmişəm. Burada işləmək istəyirdim, gəldim və yavaş-yavaş iş prosesinə alışmağa başladım. İndi də ilk tamaşamı hazırlayıram. Buna qədər başqa rəssamların tamaşalarında işləmişəm. “Oyaq gözəl” tamaşasında isə bütün eskizlər mənə aiddir.
Daha sonra baş rəssamla birgə sexə yola düşürük... Orada gördüklərimizi isə şəkillər danışsın... Kuklalar aləmi çox maraqlıdır, hələ onlar cansız və dilsizdirlər və məharətlərini göstərmək iqtidarında deyillər... Amma səhnəyə çıxdıqları an qəhrəmana çevrilirlər. Yazını burada bitirib, qəhrəmanlarla sizi baş-başa qoyuram...

Nərmin Muradova


Müəllif: