19 Dekabr 2015 22:10
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında tanınmış şairə Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.


Publika.az xəbər verir ki, xatirə gecəsində millət vəkilləri, elm, ədəbiyyat, incəsənət xadimləri, Nurəngiz Günün ailə üzvləri, sənət dostları iştirak ediblər.

Gecənin açılışında qonaqları səhnədə quraşdırılan geniş ekranda Nurəngiz Günün özünün səsləndirdiyi şeir qarşılayıb. Slayta pauza verildikdən sonra ilk çıxışı edən Nurəngiz Gün yaradıcılığını dərindən araşdıran, akademik Teymur Kərimli olub. Əvvəlcə şairənin gözəlliyindən söhbət açan akademik Nurəngiz Gün şeirlərində dilə gətirilən narahatçılığı Nizami və Fizuli yaradıcılığı ilə müqayisə edib:

"Ədəbiyyatımızda gözlərin gözəlliyi çox vesf edilib. Mən Nurəngiz xanımın gözlərini görəndə ele bildim ki, bütün o xoş sözlər məhz bu gözlərə yazılıb. Lakin o gözlərdə kədər də var idi. Bu kədər Nurəngiz Günün şeirlərində də əks olunub. Onun narahatçılığı Nizami, Fizuli narahatçılığı idi. Dünyamızdakı haqsızlıq, ədalitsizlik, ikili standartlar onu narahat edirdi".

Daha sonra xalq şairi Nəriman Həsənzadə çıxış edərək Nurəngiz Günün qızı-millət vəkili Jalə Əliyevaya səbr diləyib və onun üçün yazdığı kiçik şeiri səsləndirib.

Tədbirin aparıcıları Nərgiz Cabbarlı, Sevinc Mürvətqızı, Tənzilə Rüstəmxanlı kimi şəxslərin müxtəlif vaxtlarda Nurəngiz Gün yaradıcılığı ilə bağlı söylədikləri fikirləri səsləndiriblər.

Tədbirdə Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən söhbət açılıb, incəsənət ustalarının ifasında şairin yaradıcılığından nümunələr səsləndirilib.
Tədbirin sonunda Jalə Əliyeva bütün qonaqlara öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Nurəngiz Gün 2014-cü il dekabrın 19-da Bakıda vəfat edib.


Müəllif:

Oxşar xəbərlər