23 Fevral 2016 12:51
1 824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktyorların çəkildiyi “Qız qaçıran” adlı türk filmi aprel ayının 15-də ekranlara çıxacaq. Bunu “Gündəlik Teleqraf”a açıqlamasında filmin prodüseri Serpil Altın deyib. Onun sözlərinə görə, filmin Türkiyə ilə yanaşı Azərbaycanda da nümayişi gözlənilir: “Hazırda bununla bağlı danışıqlar davam edir”.

“Onlar bir-birini sevir, amma...”

Filmin baş qəhrəmanı Əhməd keçmiş sevgilisi Gülü toy günü gəlin maşınında qaçırır. Əhmədin Gülə bir sürprizi də var. Belə ki, qaçırılan tək adam Gül deyil. O, Güllə barəbər toydan bəyi də qaçırır. Qaçırma ilə bağlı Əhmədin xüsusi planı yoxdur. Babasının kəndinə getmək üçün isə qardaşından kömək istəyir və yol boyu başına inanılmaz hadisələr gəlir. İki toy və bir yasın bərabər işləndiyi filmdə Əhməd rolunu Emir Benderlioğlu, Gülü (gəlin) Ceren Benderlioğlu, bəyi isə Kamran Ağabalayev canlandırıb. Filmdə azərbaycanlı aktrisa Könül Nağıyevanı da görmək mümkün olacaq. Prodüserin sözlərinə görə, Könül filmdə ərinin ardınca düşən qısqanc bir qadını oynayır: “Kamran Ağabalayev Korhan Uğurun ”Tərkedilmiş" filmində də rol alıb. Bu filmdə isə Kamran Güllə evlənmək mərhələsində olan bir adam rolunda qarşımıza çıxır. Könül Nağıyeva isə artıq Türkiyədə yaşayır və filmdə gözəlliyi ilə diqqət çəkir. Korhan hər iki aktyorun ifasından çox razı qaldığından və onlara güvəndiyindən yeni filmində də onlarla çalışmaq istədi. Əvvəlki film dram janrında idi, bu dəfə isə komediya çəkmişik. Macəra dolu bir yol hekayəsi olduğu üçün azərbaycanlı aktyorlarla çalışmaqdan böyük zövq aldıq. Aktyorlar filmdə azərbaycanlı ər-arvadı canlandırırlar. Bundan başqa baş rolları canlandıran aktyorlarımız Emir Benderlioğlu ilə Ceren Benderlioğlu həyatda ailəlidirlər. Filmdə isə onlar “kasıb oğlan, kasıb qız” deyimindən yola çıxaraq bir-birini sevən, amma evlənə bilməyənlərin rolunu canlandırırlar. Bir sözlə, çəkiliş meydançasında çox əyləndik. İnanıram ki, tamaşaçılarımız da filmə baxarkən çox əylənəcəklər. Biz bu dəfə tamaşaçıların çox güləcəkləri iddialı bir komediya çəkdiyimizə əminik".

Filmdə bundan başqa Levent Ülgen, Osman Cavcı, Yüksel Ünal, Aydan Burhan, Barış Kıralioğlu, Ergun Kuyucu, Erol Aksoy, Kamuran İnselel, Mehmet Kurt, Timur Kunt, Tulya Örkü, Ece Ertan ve Kaan Çalışkanoğlu rol alır.

“İşbirliyimiz “Tərkedilmiş”lə başladı”

“Sayqın Film” və “Serpil Altın Film”in prodüserliyində istehsal olunan filmin ssenaristi və rejissoru Korhan Uğurdur. Rejissor ilk filmi “Öldür məni”ni 2008-ci ildə çəkib. Ardınca “Sağsalim” və “Tərkedilmiş” filmləri gəlib. Absurd yol komediyası olan “Qız qaçıran”da ölümlə dərdi olan rejissorun fərqli dünyasına şahidlik edəcəyik. Korhan Uğurun Azərbaycanla tanışlığı “Mahmud və Məryəm” filmi ilə başlayıb. Filmin icraçı prodüseri qismində azərbaycanlı aktyorlarla tanış olan rejissor onların içərisindən Kamranı çox bəyəndiyini deyib: “Ona söz vermişdim ki, səni mütləq filmə çəkəcəm və çəkdim də. Kamran və Könüllə ilk işbirliyimiz ”Tərkedilmiş"də başladı. Hər ikisinin də ifasından çox razı qaldım".

“Sənə aktyor damğası vurulubsa...”

Aktyor Kamran Ağabalayev “Qız qaçıran”da ilk dəfə komik obrazı canlandırır. Onun sözlərinə görə, aktyor hər rolu oynamağı bacarmalıdır: “Oynadığım obraz o qədər də komik deyil. Amma çox avantürist adamdır. Hər yerdə avantüra, hər yerdə macəra axtarır. Gözəl qadın düşkünüdür. Filmin çəkilişi zamanı ətrafımda o qədər komediya aktyorları var idi ki, onlarla tərəf müqabili olmaq və bu obrazı yaratmaq çətin olmadı. Çətin də olsa, bu, bizim işimizdir. Əgər sənə aktyor damğası vurulubsa, demək rolun çətinliyi önəmli deyil. Aktyor hər rolun öhdəsindən gəlməyi bacarmalıdır. Və mənim komediya rolu oynamağım da elə-belə deyildi. Adətən məni ədalətli, mənfi personajlarda görürdülər. Bu dəfə özümü komediya janrında sınamaq qərarına gəldim. Necə alınacağını isə tamaşaçılar filmə baxandan sonra deyəcək. Korhanla işləmək çox rahatdır. O, hər zaman mənə deyir ki, rolu oynayarkən tamamilə azadsan, bildiyin kimi et, mən ancaq mənə lazım olanı götürəcəm”.

Nərmin Muradova


Müəllif: