Teleqraf.com Ramil Əhmədin "Həyat belədir, Baltazar" filmi barədə essesini təqdim edir:
Bir çox şeirlərin, romanların, filmlərin, rəsmlərin bünövrəsində müqəddəs kitablar dayanır. İncil də, Quran da, Tövrat da bir sıra sənətkarlar üçün ilham mənbəyi olub. İstər ədəbiyyatda, istər kinoda, istərsə də rəssamlıqda dini şəxsiyyətlərdən ən çox obrazlaşdırılan, müxtəlif prototipi yaradılan İsa Peyğəmbərdir.
Müəyyən zamanlarda onun həyatının ən müxtəlif tərəflərinə fokuslanan, bəzən ucaldan, bəzən də inkar edən sənətkarlar olublar. Məncə, indi bir çoxunuzun yadına İsa Məsihə bənzəyən iki ünlü obraz düşdü: Servantesin Don Kixotu və Dostoyevskinin Knyaz Mışkıni. Bu əbədi və əzəli mövzu adının qarşısına hansısa bir epitet, titul yazmağa ehtiyac olmadığını düşündüyüm fransız rejissor Robert Bressonun (1901-1999) kamerasından da yan keçməyib. Maraqlıdır ki, rejissor “Həyat belədir, Baltazar” filmində (1966) Baltazarın, yəni bir eşşəyin simasında İsa Məsihin obrazını yaradıb. Bilirəm, ilk baxışdan Bressonun ateist, ya da deist mövqe sərgilədiyini düşünürsünüz, amma elə deyil. Əslində, rejissorun filmlərinin, demək olar ki, hamısında dini mövzu qızıl xətt kimi keçir. Sanki hər filmində rejissor izləyicini Allahın varlığına inanmağa səsləyir.
“Həyat belədir, Baltazar” filmi kiçik fransız kəndlərinin birində Baltazar adlı eşşəyin doğulmasından ölümünəcən başına gələnlərdən bəhs edir. Eyni zamanda da paralel şəkildə kənd sakinlərinin, xüsusilə Baltazarın əsas sahibi Marienin hekayəsi nəql olunur. Film boyunca Baltazar müxtəlif adamların əlinə düşür. Hər kəs onu öz mənafeyi,mənfəəti üçün istifadə edir. Baltazarın isə yalnız bircə günahı var, o da qəddar, vicdanını itirmiş adamların əlinə düşməsidir.
Filmin dinə göndərdiyi ilk işarə Baltazarın xaç suyuna çəkilməsi ilə başlayır. Tez-tez sahiblərini dəyişən Baltazar, sanki, insanların daxili dünyasına güzgü tutur. Sahiblərinin ona münasibətindən tamaşaçı onların xarakterlərinə, insani keyfiyyətlərinə bələd olur. Xüsusi effektlərin, peşəkar aktyorların, duyğusallığın olmaması, dərin psixologizm, minimalizm, mürəkkəb mövzuları sadə dillə şərh etməsi kimi Bresson yaradıcılığına xas xüsusiyyətlər bu filmdən də yan keçməyib. Amma bütün bunlar filmin bədii gücünü azaltmır. Əksinə, nəql olunan hadisələrin həqiqi olması, real bir həyat hekayəsi təəssüratı yaradır.
“Həyat belədir, Baltazar”ın XX əsr kinosunun ən yaxşı klassik nümunəsi kimi qəbul olunması da bütün bu deyilənlərin mübaliğə olmadığının isbatıdır. Çəkildiyi ildə Venesiya Film Festivalında, bir il sonra isə öz ölkəsində “Ən yaxşı film” ödülünə layiq görülür. Bir çox sənətkarların sevimli filminə çevrilən “Həyat belədir, Baltazar”ı digər bir ünlü fransız rejissoru Jan Lyuk Qodar belə xarakterizə edir: “Bir saat yarım ərzində bütün dünyanı göstərən film”.
Bressonun bu filmində sevdiyim əsas cəhətlərdən biri izləyicini insanın insana və digər canlılara niyə bu qədər əzab-əziyyət verməsi sualı ətrafında düşündürməyə vadar etməsidir. “Həyat belədir, Baltazar”da o, çox mühüm bir məqama toxunur. Əlbəttə, heç kəs müqəddəs deyil, hamının səhvləri var. Ancaq əsas olan edilən səhvlər yox, etdiyi hərəkətlərin doğru olmadığını anlaması, keçmiş hərəkətlərinə görə peşman olması, vicdanı ilə hesablaşmasıdır. Baltazarın sahibləri də Baltazara olan qəddar münasibətlərinə görə deyil, hərəkətlərinin doğru olub-olmaması haqqında düşünməmələri, başqa bir canlını incitməyin peşmanlığını çəkmədikləri, hərəkətlərinin pis bir şey olmasının heç fərqinə belə varmamaqları bizdə qəzəb oyadır. Bütün olanlardan sonra heç nə olmamış kimi həyatlarına davam etmələri, daxilən heç bir narahatlıq keçirmədikləri üçün onları bağışlaya bilmirik. Bressonun da əsas məqsədi budur. O, bu cür adamları bizə göstərməklə, sanki deyir: nə qədər ki, özümüzü günahkar bilməyəcəyik, həmişə haqlı olduğumuzu düşünəcək, başqalarını incitdiyimizin fərqinə belə varmayacağıq o zaman Baltazarın sahibləri ilə bizim aramızda heç bir fərq olmayacaq...
Baltazardan başqa filmdə əsas obrazlardan biri Mariedir. Marie rolunu canlandıran Anna Viazemski bu filmdən sonra aktyorluq sənətini davam etdirib və Pazolini, Qodar kimi rejissorların filminə çəkilib.
Marie Cerard adlı birini sevir. Baltazara qəddar münasibətinə görə fərqlənən bu sərsəri oğlan Marieni sevmir, sadəcə, əyləncə məqsədi ilə onunla birlikdə olur. Əslində, onun qəlbində sevgi adına heç nə yoxdur.
Baltazarın quyruğunu yandıran, onunla qaçaqmal gətirməyə gedən, evdən gizli-gizli pul oğurlayan Cerardın ailəsinə, Marieyə, Baltazara olan münasibəti arasında heç bir fərq yoxdur.
...İsti bir gündə sahibi kölgədə oturub Baltazara quyudan su çıxartdırır. O, dayanan kimi isə qamçı işə düşür. Baltazar quyudan təmiz su çıxardığı halda sahib ona bir kasa suyu belə çox görür. Çirkli suyu Baltazarın qarşısına qoyur, o isə içmir. Bir az sonra yağış yağır. Baltazar yağış suyu içir. Filmin ən təsirli epizodlarından biri olan bu səhnəni çəkməklə Robert Bresson Baltazarın başına gələnlərdən sonra “Həyat belədir, Baltazar” deməklə yanaşı, həm də deyir: “Tanrı hər şeyi görür, Baltazar”. Finalda Baltazar qaçaqmalçıların yükünü daşıyarkən sərhəd qoruyucularının gülləsinə tuş gəlir. Onun ölümü İsa Məsihin çarmıxa çəkilməsi ilə eyniləşir. O, qoyun sürüsünün içində ölür...
Robert Bressonun ən çox sevdiyi yazıçılardan biri Dostoyevski olub. O, müsahibələrində böyük rus yazıçısının əsərlərindən fikirlərinə uyğun olan hissələrini götürdüyünü vurğulayıb. Əslində, Dostoyevski və Robert Bresson yaradıcılığının onurğasında, demək olar ki, eyni ideya, eyni mövzular dayanır. Mənə görə, Bresson kinonun Dostoyevskisidir. Əgər Bresson rejissor yox, yazıçı olsaydı, məhz “Cinayət və Cəza”, “İdiot”, “Karamazov qardaşları” kimi romanlar yazacaqdı. Onun “Həyat belədir, Baltazar” filmi “İdiot”un, “Cibgir”i isə “Cinayət və cəza”nın fərqli bir ekranizasiyasıdır.