Ötən il noyabrın 24-də Türkiyə F-16-larının Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra gərginləşən Ankara-Moskva münasibətlərində son günlər irəliləyişlər nəzərə çarpır.
Teleqraf.com xəbər verir ki, Rusiya Günü münasibəti ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Binəli Yıldırımın rusiyalı həmkarlarına təbrik məktubu göndərmələri və münasibətlərin normallaşmasını arzulamaları Su-24 hadisəsindən sonra yüksək səviyyədə ilk rəsmi təmas kimi qiymətləndirilib.
Məsələ ilə bağlı açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə ilə əlaqələrin normallaşmasını istədiklərini deyib: "Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirik, ancaq bunun üçün Ankara müəyyən addımlar atmalıdır. Bu münasibətlərin gərginləşməsinə görə məyus olduq. Rəsmi Moskva Türkiyə ilə münasibətlərə böyük önəm verir".
Bundan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə münasibətləri qaydaya salmaq üçün daha bir addım atıb. Ərdoğan Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu xarici ölkə səfirləri üçün veriləcək iftar yeməyinə dəvət edib.
Bəs Rusiya Türkiyədən hansı addımları gözləyir?
1.Üzr üçün İsrail nümunəsi.
Su-24 hadisəsindən sonra açıqlama verən Putin "Türkiyə bizi arxadan vurdu" deyərək, münasibətlərin normallaşması üçün üzr istənilməsinin vacibliyini bildirib. Üzr tələbi ilə razılaşmayan Türkiyə hava sərhədlərinin pozulması ilə bağlı Rusiya tərəfinin açıqlama verməsini istəyib. Ancaq Rusiya diplomatları İsrail Baş naziri Binyamin Netanyahunun Mavi Mərmərə hadisəsində ABŞ prezidenti Barak Obamanın vasitəçiliyi ilə üzr istəməsini örnək göstərib və Türkiyənin üzr istəməsinin iki ölkə arasındakı münasibətlərə müsbət təsir edəcəyi vurğulanıb.
2.Təzminat.
Rusiya qırıcının vurulması ilə bağlı Türkiyədən təzminat tələb edib. Türkiyə isə buna cavab olaraq, təzminat ödəməyi “günahı qəbul etmək" kimi qiymətləndirib.
3.Rusiya pilotunu vuran şəxsin cəzalandırılması.
Rusiya vurulan pilotunun ölümündə günahlandırılan Alparslan Çeliyin cəzalandırılması istəyir. Çeliyin İzmirdə tutulması Rusiya tərəfindən müsbət hal kimi qiymətləndirilmişdi. Ancaq Türkiyə tərəfi Çeliyin qanunsuz silah gəzdirdiyinə görə tutulduğunu açıqlayıb.
Samir