"Su-24 qırıcısı hadisəsi ilə bağlı Rusiyadan üzr istənilməsi və ya bu ölkəyə kompensasiya verilməsi məsələləri müzakirə olunmur".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
Onun sözlərinə görə, artıq rəsmi Ankara hadisə ilə bağlı kədərləndiyini ifadə edib: "Ancaq Ankaranın bu məsələdə mövqeyi dəyişməzdir: qırıcı Türkiyənin hava sərhədləri daxilində vurulub. Bu, bizim üçün çox kədərli hadisə idi, ancaq həll yolu tapmaq lazımdır".
Diplomat əlavə edib ki, iki ölkə arasındakı münasibətlərin nə vaxt düzələcəyi ilə bağlı hələlik heç bir söz demək olmaz. Kalın Türkiyə prezidentinin ötən həftə rusiyalı həmkarına yazdığı məktuba da toxunub: "Ötən həftə Ərdoğan Putinə təbrik məktubu yazdı və münasibətlərin normallaşmasının vacibliyini bu məktubda qeyd etdi".
Xatırladaq ki, Rusiyaya məxsus Su-24 qırıcısı ötən ilin noyabrın 24-də Türkiyə F-16-ları tərəfindən vurulub.
Samir