Almatı şəhərində 7 nəfərin ölümündə şübhəli bilinən ikinci silahlı da saxlanılıb.
Xəbər verdiyimiz kimi, ALmatı şəhərində naməlum silahlılar polislərə və dinc sakinlərə atəş açıb. Hadisə zamanı 4-ü polis, 3-ü mülkü vətəndaş olmaqla 7 nəfər həyatını itirib, 14 nəfər yaralanıb.
Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisənin təşkilində şübhəli bilinən hər iki şəxs Qızılordu vilayətinin sakinləridir. Faktla bağlı araşdırmalar davam edir.
Saat 15:30
Qazaxıstanın Almatı şəhərində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölənlərdən 4-ü polis, 3-ü mülki vətəndaşdır. Polis bütün ölkə ərazisində antiterror əməliyyat keçirir.
Ölkədəki silah mağazaları müvəqqəti bağlanıb.
Saat 13:24
Almatıda silahlı insidentdə şübhəli bilinən şəxs ilə bağlı yeni faktlar müəyyənləşib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Oleq İvaşenko məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı Qızılordu vilayətinin sakini hadisəni törətməmişdən əvvəl bir qadını öldürüb: "Hazırda polislər silahlı insidentin digər iştirakçısının axtarışı ilə məşğuldurlar".
Saat 12:43
Xəbər verdiyimiz kimi, Almatıda bu gün səhər saatlarında silahlı insident baş verib.
Hadisə nəticəsində ölənlərin sayı 4-ə çatıb. Onlardan biri dinc sakindir. Məlumatlara görə, hazırda şəhərin müxtəlif yerlərindən silah səsləri eşidilir. Qazaxıstan ordusu və polisi gücləndirilmiş rejimə keçib.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, hadisədə şübhəli bilinən 1 nəfər saxlanılıb, 1 nəfərlə bağlı axtarış elan edilib.
Saat 11:31
Qazaxıstanda baş verən silahlı insident zamanı ölənlərin sayı 3-ə çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər yaralanıb.
Məlumatlara görə, dinc sakinlər arasında xəsarət alan olmayıb: "Bu gün səhər saatlarında Qazaxıstan Milli Təhlükəsizlik İdarəsinə və Almatı şəhər polis idarəsinə silahlı şəxslər hücum edib. Ölkədə "qırmızı" terror təhlükəsi elan olunub. Anti-terror əməliyyatlarına görə Almatı vağzalı boşaldılıb. Şəhərdə gərginlik davam edir".
Saat 10:59
Silahlı şəxs Almatıda polis bölməsinin önündə ətrafa atəş açıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Şahidlərin sözlərinə görə, silahlı şəxs təkbir gətirib və bölmənin önündə dayanan polisləri güllələyib.
İnsident nəticəsində 2 polis əməkdaşı həlak olub, bir neçə təhlükəsizlik işçisi yaralanıb. İlkin ehtimallara görə, hadisənin təşkilatçıları və icraçısı radikal dini qruplaşmanın üzvləridir.
Digər məlumatda isə şəhərin bir neçə rayonunda atışma səslərinin eşidildiyi bildirilib.
Hadisədən dərhal sonra şəhərdə komendant saatı elan edilib və antiterror əməliyyatı başlayıb. Bununla bağlı şəhər polisinin mətbuat xidmətinin rəhbəri Səltənət Azirbek məlumat verib. O, sakinlərə küçəyə çıxmamaqla bağlı çağırış edib. Azirbek artıq 2 şübhəlinin saxlanıldığını bildirib.
Samir