Tanınmış jurnalist Pavel Şeremetin qətli üzrə ilkin olaraq üç versiya nəzərdən keçirilir.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Zoyan Şkiryak məlumat verib.
Onun sözlərinə görə, versiyalar arasında jurnalistin peşə fəaliyyəti, bu cür cinayətlər zamanı hər zaman nəzərə alınan düşmən münasibət var, eləcə də Ukraynaya qarşı hibrid müharibəsinin getdiyini nəzərə alsaq, "Rusiya izi" istisna edilmir.
Xatırladaq ki, tanınmış jurnalist Pavel Şeremet bu gün səhər Kiyevin mərkəzində avtomobilinin partlaması nəticəsində dünyasını dəyişib. Partlayış Bakı vaxtı ilə 08:45-də, mərhum telejurnalist evindən bir qədər uzaqlaşdıqdan sonra meydana gəlib.
Qeyd edək ki, o, son beş ildə Kiyevdə yaşayıb, "Ukrainskaya pravda" nəşrində və "Vesti" radiosunda aparıcı kimi çalışıb.
Daha əvvəl isə P.Şeremet Rusiya ORT telekanalında, sonradan isə "Birinci kanal"da işləyib. ("Report")
***
Məşhur jurnalist Pavel Şeremet Kiyevdə avtomobilinin partladılması nəticəsində həlak olub.
Hadisə bu gün yerli vaxtla səhər saat 07.45-də baş verib. P. Şeremet aparıcı olduğu “Radio Vesti”yə gedərkən Kiyevin Boqdan Xmelnitski və İvan Franko küçələrinin döngəsində onun avtomobili partlayıb. Maşın “Ukrainskaya pravda”nınn rəhbəri Alyona Pritulaya məxsus olsa da, hadisə zamanı o, avtomobildə olmayıb.
Polis əməkdaşları hadisə yerində təhqiqat aparır.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü P. Şeremet son 5 ildə Ukraynada yaşayıb. Daha əvvəl isə Rusiyanın “1-ci kanal”ında həftəlik analitik proqram “Vremya”nın aparıcısı olub. 2008-ci ildə televiziyanı tərk edib və məşhur “Oqonyok” jurnalında redaktor vəzifəsində çalışıb. (“APA”)