24 İyun 2014 23:55
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tianhe-2 superkompüteri dünyada ən güclü superkompüter olaraq qalır. Belə ki, Tianhe-2 bazar ertəsi dərc edilən beynəlxalq Top-500 reytinqində yenidən birinci yeri tutub. İldə iki dəfə yenilənən siyahıda dünyanın 500 ən məhsuldar kompüter sistemləri yer alıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, superkompüter Çin Azadlıq Ordusunun Çanşa şəhərində (Mərkəzi Çin, Xunan əyaləti) yerləşən Müdafiə Elm və Texnikası Universitetində hazırlanıb. Məhsuldarlığı 33,86 petaflopsa çatan Tianhe-2 saniyədə 33,86 kvadrilyon kompüter əməliyyatını yerinə yetirir. Bu kompüter ilk dəfə 1993-cü ildə dərc edilən Top-500 reytinqində ardıcıl üçüncü ildir birinci yeri tutur.

İkinci yerdə 17,59 petaflops məhsuldarlıq nümayiş etdirən ABŞ-ın Tennesi ştatının Ouk-Ric Milli Laboratoriyasının Titan superkompüteri, üçüncü yerdə 17,17 petaflops gücə malik ABŞ-ın Sequoia superkompüteri qərarlaşıb.


Top-500 tərtibatçılarının sözlərinə görə, siyahının ilk onluğu 2013-cü ilin noyabrında təqdim olunan əvvəlki reytinq ilə müqayisədə dəyişməz qalıb. Dünyanın on ən güclü superkompüterindən altısı ABŞ-da, hərəyə biri isə Çin, Yaponiya, İsveçrə və Almaniyada yerləşir. Top-500 reytinqində ümumilikdə ABŞ-ın 233, Çinin 73, Böyük Britaniya və Yaponiyanın 30, Fransanın 27, Almaniyanın 23 superkompüteri yer alıb.


Müəllif: