5 Oktyabr 2016 14:45
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son aylar Suriya ətrafında ABŞ-la Rusiyanın apardığı danışıq və müzakirələr tərəflər arasında gərgin sonluqla nəticələndi. Belə ki, ABŞ tərəfi Rusiya ilə Suriya məsələsində əməkdaşlığı dayandırdığını bəyan etdi. ABŞ Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib ki, buna səbəb rəsmi Moskvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Bununla belə C.Kirbi qeyd edib ki, ABŞ Suriyanın hava məkanında mümkün toqquşmaların baş verməməsi üçün Rusiya ilə hərbi əlaqələri kəsməyəcək.

Qeyd edək ki, ötən ay Suriya məsələsinin müzakirəsi üçün çox məhsuldar olub. Bəs, danışıqların gedişatı hansı xətlə inkişaf edib?

Böyük ümidlər bəslənən 13 saatlıq görüş

Əvvəlcə danışıqlar prezidentlər səviyyəsində aparılıb. Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında “Böyük İyirmilik” sammiti çərçivəsində görüş keçirilib. Danışıqlar 1 saatdan çox davam edib. Ancaq detallar mediaya açıqlanmayıb. Sentyabrın 9-da isə Cenevrədə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib və Suriyada atəşkəslə bağlı razılıq əldə olunub. Bir gün sonra aparılan danışıqlar daha uzun çəkib. ABŞ dövlət katibi Con Kerri ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında 13 saatlıq müzakirə baş tutub. Görüşdən sonra verilən bəyanatda Con Kerri bildirmişdi ki, Suriyada münaqişənin nizamlanmasına dair ABŞ və Rusiyanın birgə planı ölkəni xilas etmək üçün son şansdır. Lakin bu razılıq bir neçə gün sonra pozulub. Əvvəlcə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya qoşunlarına aviazərbə endirib, daha sonra isə BMT-nin humanitar karvanı Hələb şəhərində havadan atəşə tutulub. Rusiya XİN ABŞ-ı İŞİD-ə yardım etməkdə, rəsmi Vaşinqton isə BMT avtokarvanının bombalanmasında Moskva və Dəməşqi günahlandırıb.

İlk narazılıq siqnalı

Danışıqların gedişinə nəzər salsaq, sentyabrın 14-də Lavrovla Kerri arasında telefon danışığında tərəflər belə qənaətə gəlmişdi ki, ölkədə tətbiq edilən atəşkəs rejiminə ümumilikdə əməl olunur. Bu açıqlamadan iki gün sonra isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikaya açıq mesajlar göndərməyə başladı: “Con Kerri ilə təsdiq etdiyimiz sənədlərdə açıq yazılıb ki, biz həm “Cəbhət ən-Nüsra”ya, həm də “İŞİD”ə qarşı fəaliyyətimizi koordinasiya edəcəyik. Biz bu razılığın ictimaiyyətə açıqlanması üçün çalışacağıq. Gizli diplomatiya yolu ilə getmək istəmirik. Bizim amerikalı tərəfdaşlarımız isə hələlik tərəddüd edirlər. Bu addım problemin demokratik yolla həlli istəyini göstərmir. Demokratiya isə şəffaflıq tələb edir”.

Kerridən Rusiyaya “yox” cavabı

Ən kritik məqam isə sentyabrın 23-dən etibarən başlayıb. ABŞ dövlət katibi Con Kerri öz növbəsində bildirib ki, ABŞ-la Rusiya Suriyada atəşkəslə bağlı razılığa gələ bilməyib: “Biz çıxıb bütün dünyaya deyə bilmirik ki, razılığa gəlmişik”. ABŞ dövlət katibi Con Kerri inamın bərpa olunması üçün aviazərbələrin dayandırılmasının vacib olduğunu söyləyib. Lavrov isə Kerriyə cavabında müxalifətin də döyüşü dayandırmalı olduğunu qeyd edib.

Davamlı olaraq Lavrov və Kerri şəxsən, o cümlədən iki ölkənin rəsmiləri bir-birini qarşılıqlı ittiham etməyə başlayıb. Kerri sentyabrın 29-da deyib ki, ABŞ Rusiya ilə Suriyadakı münaqişənin nizamlanmasına dair danışıqları dayandırmaq həddindədir.

“ABŞ sentyabrın 9-da əldə olunan razılaşmaların icra olunması üçün Rusiyaya daha bir şans vermək niyyətindədirmi?” sualını isə ABŞ rəsmisi kəskin şəkildə rədd edib: ““Xeyr, düşünürəm ki, biz diskussiyaları dayandırmaq həddindəyik. Bu, Suriyadakı bombardmanlar fonunda daha məqsədəuyğundur”.

Bundan sonra isə Ağ Ev rəsmisi Coş Ernest iki ölkənin Suriya münaqişəsi ilə bağlı əməkdaşlığının gözlənilən nəticə vermədiyini bəyan edib. O söyləyib ki, atəşkəsin davam etdirilməməsi və zorakılığın yenidən artmasına görə Rusiya məsuliyyət daşıyır: “Moskva rəhbərliyi öhdəliklərinə sadiq qalmadı. Rusiya Suriyada əməliyyatlara başladığı gündən İŞİD-ə qarşı mübarizədə heç bir irəliləyiş görmədik. Rusiya hər kəsin səbrini tükəndirdi”.

Lavrovun nümayəndəsindən kinayəli sözlər

Sözügedən bəyanatlara Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova cavab verib. O bildirib ki, ABŞ hakimiyyətinin Suriya məsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq. Xanım diplomat Vaşinqtonun uzun müddətdir Suriyada terrorçuların mövcudluğunu inkar etdiyi vurğulayıb: “Əgər Vaşinqtonun qarşılıqlı fəaliyyəti dayandırmaq təhlükəsi qərara çevrilsə, Ağ evin terrorçuları himayəsinə götürdüyünə dair şübhə qalmayacaq”.

Rusiya XİN sözçüsü ironiya ilə bildirib ki, ABŞ terrorçulara dəfələrlə hədiyyə edib. Onun fikrincə, ABŞ Suriya üzrə fundamental razılaşmaları yerinə yetirə bilmədiyi üçün məsuliyyəti digər tərəflərin üzərinə atmağa çalışır.

Lavrov isə ABŞ-ın qərarına özünəməxsus şəkildə cavab verib: “ABŞ Suriya məsələsi ilə bağlı Rusiya qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı. ABŞ daxili ziddiyyətlər üzündən öz öhdəliklərini yerinə yetirməyə qadir deyil. Kastello yolunun qapadılması humanitar yardımların Hələbə çatdırılmasını asanlaşdıracaqdı”.

Putindən qisascıl qərar

ABŞ-ın Rusiya ilə Suriya məsələsində əməkdaşlığı dayandırmasına cavab olaraq, Putin plutoniumun istifadəsi haqqında sazişi ləğv edib. Bununla Rusiya reaktiv qurğuların və atom bombasının istehsalında istifadə olunan plutonium adlı kimyəvi maddənin ABŞ-a satışına qadağa qoyub. Qadağaya səbəb kimi ABŞ-ın Rusiyanı özünə düşmən sayması göstərilir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər