Roma papası Fransisk müasir dünyada baş verən prosesləri, bankların xilas edilməsinə böyük pullar xərcləndiyi bir halda, bəlaya düçar olan sadə insanların, xüsusilə miqrantların xilas edilməsi üçün faktiki olaraq vəsait tapılmamasını kəskin tənqid edib.
"Report" xəbər verir ki, bu barədə o, şənbə günü Vatikanda Ümumdünya xalqlar hərəkatlarının III görüşünün iştirakçıları qarşısında çıxışı zamanı deyib.
"Dünyanı kim idarə edir? Pul. Necə? Qamçı cəzası, bərabərsizlik, yeni zorakılıqlar doğuran iqtisadi, sosial, mədəni və hərbi zorakılıqların köməkliyi ilə?", — deyə o müraciət edib.
"Bugünkü dünyada bir bank müflis olduğu zaman nə baş verir? Dərhal onu xilas etmək üçün qalmaqallı məbləğlər ortaya çıxır. Lakin insan müflisliyi baş verdiyi zaman, əziyyət çəkən qardaşların xilası üçün bu vəsaitlərin əməli olaraq heç mində biri də tapılmır. Məsələn, Aralıq dənizi qəbiristanlığa çevrilib və təkcə Aralıq dənizi deyil. Günahsız insanların qanına bulaşmış divarların önündə də çox qəbiristanlıqlar var", - deyə Roma-Katolik Kilsəsinin rəhbəri əlavə edib.
Roma papası hazırda Afrika və Yaxın Şərq ölkələri sakinlərinin Avropaya kütləvi miqrasiyası ətrafında yaranan vəziyyəti "rüsvayçılıq" adlandırıb.
Onun sözlərinə görə, "bu kəskin problem "ədalətsiz ictimai-siyasi sistem və müharibələr"dən doğub və onların yaranmasına hazırkı qaçqınların heç bir aidiyyəti də yoxdur, lakin məhz onlar nəticədə böyük əziyyətlərə düçar olublar".