6 Noyabr 2016 10:23
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı vaxtı ilə saat 10-da Bolqarıstanda prezident və vitse-prezident seçkilərinə start verilib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Bolqarıstan prezidenti və vitse-prezidenti vəzifələri uğrunda müxtəlif partiya, hərəkat və birliklərdən 21 cütlük olmaqla 42 namizəd mübarizə aparır.

Seçkilərdə əsas mübarizə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) partiyasının namizədi xanım Tsetska Tsaçeva və “Bolqarıstan Sosialist Partiyası”nın namizədi Rumen Radev arasında gedəcək.

Yerli analitiklərin fikrincə, prezident seçkisinin ikinci turunun keçirilməsi qaçılmazdır. Ölkədə səsvermə hüququna malik təqribən 7 milyon seçici var və səsvermə ilk dəfədir ki, məcburi xarakter daşıyır.

Bolqarıstan üzrə 12 minə yaxın, ölkə hüdudlarından kənar, Azərbaycan da daxil olmaqla, 71 ölkədə daha 301 seçki məntəqələri yaradılıb.

Prezident seçkisini ümumilikdə 2000 müşahidəçi izləyəcək ki, onların da 45-i altı beynəlxaq təşkilatı təmsil edir. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Azərbaycan Milli Məclisinin deputatları – Azərbaycan-Bolqarıstan parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev, eləcə də AŞPA missiyası tərkibində Qənirə Paşayeva beynəlxalq müşahidəçi qismində seçkilərin gedişini izləyir.

Seçki günü ictimai asayişin və təhlükəsizliyin qorunmasına 20 min polis cəlb olunub. Bolqarıstan hökuməti prezident seçkilərinin təşkili və keçirilməsinə 50 milyon lev (25 mln. avro) ayırıb.

Bolqarıstanda son prezident seçkiləri 31 oktyabr 2011-ci ildə keçirilib və hazırkı prezident Rosen Plevneliev ölkə prezidenti seçilərək 2012-ci ildə vəzifəsinin icrasına başlayıb. O, ikinci müddətə prezident seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Xatırladaq ki, prezident seçkiləri ilə yanaşı ölkədə referendum da keçiriləcək. Referenduma “seçkilərin keçirilməsi proseduru və siyasi partiyalara dövlət tərəfindən subsidiyaların ayrılması” məsələləri ümumxalq səsverməsinə çıxarılacaq.


Müəllif:

Oxşar xəbərlər