Papa Francis populizmin yüksəlişi və siyasi qalmaqallar nəticəsində Hitler kimi diktatorların hakimiyyətə gəlməsinin yaratdığı təhlükələr barədə xəbərdarlıq verib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, o, bu sözləri Donald Trampın inaqurasiyası günü İspaniyanın "El Pais" qəzetinə müsahibəsində bildirib.
Papa əcnəbiləri bayırda saxlamaq üçün tikanli məftil və divarlardan istifadə edənləri tənqid edib.
Lakin o "görək Trump nə edəcək" deyərək hələ ABŞ-ın yeni liderini qiymətləndirmək üçün çox erkən olduğunu vurğulayıb.
Cənab Trampın meksikalı mühacirlər barədə şərhləri və onların ABŞ-a gəlmələrinə mane olmaq üçün planlaşdırdığı yeni sərhəd divarı mübahisələrə səbəb olub.
Avropa və ABŞ-da populizmin yüksəlişi barədə narahat olub-olmaması barədə suala Papa deyib: "Böhranlar qorxu və həyəcan yaradır. Mən düşünürəm ki, Avropa populizminin ən bariz nümunəsi 1933-cü ilin Almaniyasıdır."
"Almaniya sındırılıb, ona ayağa qalxıb öz kimliyini tapmaq, mənliyini bərpa edəcək lider lazımdır, deyən Adolf Hitler daha sonra qeyd edirdi ki, problemləri ancaq o, həll edə bilər. Və almanların hamısı Hitlerə səs verdi. Hitler hakimiyyəti oğurlamadı, onun xalqı ona səs verdi və sonra da o xalqını məhv etdi", deyə Papa bildirib.
Cənab Tramp barədə Papa "gözləyib izləyəcəyini" deyib: "Mən insanları tələm-tələs erkən qiymətləndirməyi sevmirəm. Biz baxıb onun necə hərəkət və nə edəcəyini izləyəcəyik və bundan sonra mənim rəyim olacaq", o əlavə edib.
Papa cənab Trumpın Meksika ilə sərhəd divari tikmək planına görə onun Xristianlığa inamını sual altında qoymuşdu. Bu üzdən onların münasibətləri pisləşmişdi.