17 Aprel 2017 13:01
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda məmurların Güney Azərbaycanda baş verən və 43 nəfərin ölümünə səbəb olan təbii fəlakətə irqçi münasibəti diqqətdən yayınmır.

Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, Qızıl Aypara Cəmiyyətinin yüksək rütbəli məmurları və İran Böhran Mərkəzi Təşkilatının rəhbərliyii sel fəlakətində dünyasını dəyişənləri “Seyr etməyə qurban gedənlər” “Gəzintiyə çıxanlar” və s. kimi təqdim edib.

“Şəhrvənd” qəzeti hadisəyə görə başsağlığı vermədən “Sel hadisəsində ölənlər, bütün xəbərdarlıqlara baxmayaraq, şəkil çəkmək üçün çayın ətrafına toplaşdılar” başlığı altında xəbər yayıb. Bu, bir çox azərbaycanlının narahatlığına və kəskin etirazına səbəb olub. “Həmşəhri” qəzeti isə “Hadisə qurbanları seli seyr etməyə getmişdilər” başlığı ilə xəbər yayaraq təbii fəlakət nəticəsində ölənlərin öz cahillik və nadanlıqlarının qurbanı olduğuna ehyam vurub. Ayrı-seçkilik münasibəti rejimin də yanaşmasında özünü göstərir. Valilik Şərqi Azərbaycanda matəm elan etsə də, İran hakimiyyəti sadəcə başsağlığı verməklə kifayətlənib və ölkə üzrə matəm günü elan olunmayıb. Lakin “Plasko” binasının çökməsi kimi oxşar hadisələrdə rejimin yanaşması tam başqa şəkildə olur. “Plasko” binası çökdüyü zaman ölkə üzrə matəm elan olundu, Teleradio Şirkəti və digər mətbuat orqanları hadisənin təfərrüatını 6 gün geniş şəkildə işıqlandırdılar. Lakin bu münasibət hər zaman olduğu kimi Güney Azərbaycana münasibətdə hiss olunmadı.

İran hökumətinin Azərbaycan şəhərlərində baş verən daşqınlarla bağlı lazımi tədbiləri almaması və xəbərin kütləvi informasiya vasitələri tərəfindən təhrif edilməsi azərbaycanlı millət vəkillərini dilə gətirib.

Təbrizin millət vəkili Məsud Pezeşkiyan hadisə ilə bağlı başsağlığı mesajı ünvanlayaraq bildirib ki, təbii fəlakətlər məsələsində önləyici tədbirlər almaq və hadisəni nəzarətdə saxlamaq olduqca önəmlidir: “Ümid edirəm ki, məsuliyyətli şəxslər təbii fəlakətin daha çox ziyan verməsinin qarşısını alacaq və bu barədə ictimaiyyəti məlumatlandıracaqlar. Bir sel hadisəsinin bu qədər insanın ölümünə səbəb olması ilə razılaşmaq çox çətindir”.

Urmiyanın millət vəkili Nadiq Qazipur isə mövzu ilə bağlı parlamentdə çıxış edib. O baş verən hadisəyə görə ölkədə matəm elan olunmadığı üçün öz narazılığını bildirib.

Şəbistərin millət vəkili Məsumə Ağapur da hökuməti sərt tənqid edərək, onların bölgəyə baxışlarının dəyişməsini tələb edib: “Ötən il də Şəbistər bölgəsində oxşar təbii fəlakət baş verdi, hadisə nəticəsində çox sakin evsiz qaldı, bir çox əkinçi isə müflis oldu. Lakin hadisədən 10 ay keçməsinə baxmayaraq, hələ də təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım edilməyib”.

Baş verən hadisəyə görə məsul şəxsləri tənqid edən deputatlardan biri də Qoşaçayın millət vəkili Cahanbəxş Mohebbi Niyadır. O, İran Teleradio Şirkətini sərt tənqid edərək deyib: “Ötən gün hadisə ilə bağlı iki ekspert danışırdı. Onlar elə söhbət edirdi ki, sanki günahkar hadisə nəticəsində həyatını itirənlərdir. Xeyr, bu belə deyil. Əsas məsələ yalnış idarəçilik məsələsidir.”

“Ötən yayda Çitçiyanın yanında dedim ki, bölgədəki çayların vəziyyəti heç yaxşı deyil. Əgər müəyyən tədbirlər alınmasa yazda daşqınlarla üzləşəcəyik. Elə dediyim kimi də oldu”,- Niya əlavə edib.

Urmiyanın millət vəkili Hadi Bahaduri də baş verən təbii fəlakətlə bağlı məsulların fəaliyətini tənqid edib: “Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiya, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib hər kəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm”.


Samir


Müəllif:

Oxşar xəbərlər