Tezliklə Avropaya İŞİD və Nüsra Cəbhəsinin tərəfdarı olan 3 minə yaxın cihadçı gələ bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin ATS agentliyi Avropa Komissiyasının hazırladığı hesabata istinadən məlumat yayıb.
“Avropa İttifaqı üzvlərindən çoxunu İŞİD və Nüsranın yaraqlılarının aram-aram, amma artan templə dönüşü gözləyir”, - deyə agentlik hesabatdan sitat gətirir.
Sənəddə qeyd olunur ki, müxtəlif məlumatlara görə, fərqli etnik mənsubiyyətə məxsus 1200-dən 3000-dək avropalının, o cümlədən qadın və uşaqların Avropaya dönüşü gözlənilir. Onlardan 30 faizi artıq Avropa İttifaqı ölkələrinin ərazisinə qeyri-leqal daxil olublar. Hakimiyyətlər dönüş barədə məlumat əldə edən kimi onları həbs edirlər.
Bildirilir ki, əgər terror qruplaşması dağılsa, yaxud onun üzərində qələbə çalınsa, Avropaya dönən yaraqlıların sayı əhəmiyyətli dərəcədə artacaq.
Hesabatda o da qeyd olunur ki, 2011-ci ildən 2016-cı ilədək 120 ölkədən olan 42 mindən çox xarici döyüşçü İŞİD sıralarında birləşiblər. Onların 5 mindən çoxu Avropanı, əsasən də Belçika, Fransa, Almaniya, Böyük Britaniya, Avstriya, Danimarka, Finlandiya, İtaliya, Niderland, İspaniya və İsveçi təmsil edirlər. Onlardan 20 faizi döyüşlərdə həlak olub, 30-35 faizi evə qayıdıb, 50 faizi isə Suriya və İraqda qalmaqdadırlar.