İstanbulun məşhur zinət əşyaları bazarı Qapalı çarşıda qızıl satmaqla məşğul olan Pol Yusuf Şalabi ilə İstanbul Ticarət Palatasının işçisi İlkay Çapraz Şalabinin 8 yaşlı qızı Lara Zeynəb 19 ay əvvəl xərçəng xəstəliyinə tutulub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, amansız xəstəliklə mübarizədə qalib gələ bilməyən balaca Lara dünən dünyasını dəyişib.
Atası xristian, anası müsəlman olan 8 yaşlı Laranın cənazə namazı məsciddə qılınıb, İstanbulun Zincirliquyu qəbirstanlığında “yer olmadığı” üçün katolik qəbirstanlığında dəfn olunub.
İstanbulun məşhur məscidindəki cənazə namazı mərasiminə balaca Zeynəbin ailəsinin yaxınları, valideynlərinin iş yoldaşları qatılıb. Xristian ata ilə müsəlman ana cənazə namazında mollanın arxasında namaza durublar. Ata da qızının cənazə namazını qılıb, dualar edib.
Lara Zeynəbin cənazəsi İstanbul bələdiyyəsinə bağlı Qəbiristanlıqlar idarəsinə aid maşına qoyularaq Feriköy latın katolik qəbirstanlığına gətirilib, amma islami qaydalara görə dəfn olunub. Ailə üzvlərinin belə istədiyi bildirilir.
Balaca Zeynəbin anası İlkay xanım qızının müsəlman qəbirstanlığında dəfn olunmasına icazə verilmədiyini, “yerin olmaması”nın bəhanə gətirildiyini deyib.