Cənubi Koreya Pxenyanın yeni bir nüvə raket sınağı keçirməyə hazırlaşdığını bəyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Seul yeni nüvə raket sınağına hazırlıqları Pxenyanın davranışlarına əsasən təyin etdiyini açıqlayıb.
Qeyd edək ki, iki gün əvvəl Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib və bu zaman 6,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu fakt dünya ölkələrini düşünməyə vadar edib.
Hazırda Cənubi Koreya ilə ABŞ Şimali Koreyanın təhdidlərinə qarşı ciddi əməkdaşlıq içindədir. Fransa, Almaniya, İngiltərə, Yaponiya, Çin, Cənubi Koreya və ABŞ-ın etirazlarına baxmayaraq, Şimali Koreya sürətlə nüvə sınaqları həyata keçirir. Adı çəkilən ölkələr hesab edirlər ki, Pxenyan beynəlxalq təhlükəsizliyi təhdid edir.
ABŞ Müdafiə naziri Ceyms Mettis bəyan edib ki, Pxenyan ABŞ və müttəfiqlərinə hücum edərsə, dərhal güclü hərbi zərbə alacaq.