İran İslam Respublikası Livanda hazırkı siyasi sabitliyi pozmaq üçün "Hizbullah"ın əli ilə yeni oyuna başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Livanın baş naziri Saad Hariri deyib.
O, Səudiyyə Ərəbistanının "Əl-Rəcol" qəzetinə müsahibəsində İranın ölkəsinin daxili işlərinə qarışmasından, "Hizbullah" vasitəsilə bu ölkədə nüfuzunu gücləndirməsindən və həmin qruplaşmanın əli ilə Livanda öz niyyətlərini həyata keçirməyə cəhdindən danışıb:
"İran bölgədə "Hizbullah"dan özünün vuran qolu kimi istifadə edərək, açıq-aşkar Livanın və digər ölkələrin daxili işlərinə qarışır. "Hizbullah"ın ölkəni idarə etməyə gücü yoxdur. Onun gücü, sadəcə olaraq, İranın ona verdiyi silahlardadır. Hesab edirik ki, "Hizbullah" regionda yaşanan problemlərlə bağlı bitərəf qalmalı, digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməlidir. Aydın məsələdir ki, "Hizbullah"ın region işlərinə qarışmasının arxasında İran dayanır. Bu isə qəbuledilməzdir".