İranın dini lideri Əli Xameneyi İslami Təbliğat Koordinasiya Şurasının üzvləri qarşısında çıxış edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricaninin qanun pozuntularını ifşa etdiyinə görə keçmiş prezident Mahmud Əhmədinejada ciddi xəbərdarlıq edib.
Öz çıxışında adlarını çəkmədən açıq şəkildə Əhmədinejada və onun yaxın adamlarına eyham vuran Xameneyi keçmiş prezidenti düşmənin istədiyi istiqamətdə hərəkət etməkdə, ölkəyə və hakim sistemə ziyan vurmaqda günahlandırıb:
“Vaxtilə ölkənin bütün imkanları əllərində olanların bu gün müxalifət rolunu oynamağa haqqı və ixtiyarı yoxdur. Bunlar bu əməlləri ilə düşməni sevindirir, onların istiqamətində hərəkət edirlər.
Məmləkətin bütün ixtiyarı istər keçmişdə, istərsə də hazırda əllərində olanların ölkənin əleyhinə danışmağa ixtiyarı yoxdur. Onlar öz əməllərinə görə cavabdeh olmalıdırlar. Onlar siyasətlərini diniləşdirmək əvəzinə, dinlərini siyasiləşdirir və ondan müəyyən siyasi məqsədlər uğrunda istifadə edirlər. Bu isə yolverilməzdir.
Necə ola bilər ki, 10 ilə yaxın bir müddətdə bütün ölkə sənin ixtiyarında olsun, həmin müddət başa çatandan sonra da başlayasan müxalifət rolunu oynamağa və müxalif bəyanatlar səsləndirməyə. Belə olmaz və bu qəbuledilməzdir”.
Xatırladaq ki, Əhmədinejad dekabrın 19-da yaydığı yeni bir video-çarxda İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricanini “qəsbkar” adlandıraraq onu tutduğu vəzifədən istefaya çağırıb.