26 Yanvar 2018 08:18
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin prezidentinin sözçüsü Nebil Əbu Rudeynə ABŞ prezidenti Donald Trampın “Fələstin ABŞ-dan maliyyə yardımı almaq üçün İsraillə sülh danışıqlarını bərpa etməlidir" fikirlərinə münasibət bildirib.

Nebil Əbu Rudeynə bildirib ki, əgər Qüds məsələsi Trampın masası kənarında qalacaqsa, ABŞ da eyni aqibəti yaşayacaq: "Tramp Davosda İsrailin baş naziri Netanyahu ilə görüşündə səsləndirdiyi məsuliyyətsiz fikirlər onun sülh prosesində vasitəçilik etməyə səlahiyyəti olmadığını göstərir. Kimki Qüdsü danışıqlar masasından kənarlaşdırırsa, o, sülhü də həmin masadan uzaqlaşdırmış olur."

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Davosda İsrail baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirilən brifinqdə bildirib ki, Fələstin ABŞ-dan maliyyə yardımı almaq üçün İsraillə sülh danışıqlarını bərpa etməlidir: "Fələstin rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Mayk Pensin səfərini boykot etməsi bizə qarşı hörmətsizlik idi. Biz onlara yüz milyonlarla dollar yardım və dəstək veririk. Bu pullar masanın üzərindədir, oturub sülh danışıqları müzakirə edilənə qədər onlara verilməyəcək”.

Xatırladaq ki, Fələstin rəhbərliyi ABŞ prezidenti Donald Trampın ötən ilin dekabrın 6-da Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarına etiraz olaraq Pensin səfəri haqda boykot qərarı çıxarmışdı.


Müəllif: Ayxan

Oxşar xəbərlər