Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hülusi Akar Şanlıurfa şəhərinə gələrək sərhəd qoşunlarınının döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Hülusi Akarın Şanlıurfa şəhərinə qəfil səfərinin ardından Suriyada yeni hərbi əməliyyatın başlanacağına dair versiyalar səslənir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “İraq sərhəddinə qədər bütün terror ünsürlərini təmizləyəcəyik” sözlərindən sonra Hülusi Akarın Şanlıurfaya gəlməsi Suriyada Fəratın şərqindəki terror qruplaşmalarına qarşı yeni əməliyyatın başlayıb-başlamayacağına dair suallara səbəb olub.
Şanlıurfanın əksi istiqamətində PYD/YPG/PKK-nın nəzarətindəki Kobani və Təl Əbyad bölgələri var. Hülusi Akarın Şanlıurfadakı sərhəd birliklərini ziyarəti Afrinə yönəlik “Zeytun budağı” əməliyyatının başlamasından sonra Kobani, Rəsulayn və Təl Əbyaddakı terror ünsürlərinə qarşı yeni hərbi əməliyyatın başlana biləcəyi barədə sualları qüvvətləndirib.