Teleqraf.com-un suallarını Şimali və Cənubi Koreyaya səfər etmiş ictimai fəal Bəxtiyar Hacıyev cavablandırıb:
- Sosial şəbəkədə bir neçə gündür Şimali Koreyadan paylaşımlar edirsiz və bizə tanıdılan Koreya Xalq Demokratik Respublikası ilə gördüyünüz ölkə arasında kifayət qədər fərq olduğunu bildirirsiniz. Əvvəlcə, bu ölkə barədə ilkin müşahidələrinizi bölüşərdiniz.
- Səfər zamanı ilkin təəssüratlarım Şimali Koreyanın keçmiş SSRİ-ni xatırlatması, 70-80-ci illər SSRİ-dən istər inkişaf, istər şəxsiyyətə pərəstiş, istərsə də qadağa və təhlükələr baxımından elə də ciddi fərqlənməməsi oldu. Sanki 80-ci illərin SSRİ ölkə və şəhərlərini gəzirdik. Nə az, nə çox. Ölkə və ora səfər edən turistlərə qadağalar, təhlükələr barədə deyilənlər isə xeyli şişirdilib. Biz asanlıqla proqramı dəyişirdik, getmək istədiyimiz yerləri deyirdik, gedirdik, inkişafdan geri qalmış yerləri, yoxsul əhalini çəkirdik. Bu foto və videoların çəkilməsinə də qadağa olmadı, deyildiyi kimi, ölkədən çıxarkən onların yoxlanması və silinməsi də baş vermədi. Müəyyən məhdudiyyətlər isə turistlərin gecə saatlarında otel ərazisini bələdçisiz tərk etməməsi, hərbi obyekt və zabitləri çəkməməsi və sair ilə bağlı idi.
- Ümumiyyətlə, necə oldu Şimali Koreyaya getmək qərarı verdiniz? Viza proseduru necə baş tutdu?
- Şimali Koreyaya səfər etmək istəyim bir neçə il öncə yaranmışdı. ABŞ-da birlikdə təhsil aldığımız bir tələbə yoldaşım Bakıya gəlmişdi və onunla müxtəlif ölkələr, sistemlər haqqında danışanda Şimali Koreyaya da turist kimi səfərlərin mümkün olduğunu demişdi. Dəfələrlə planlaşdırsam da, ortaya başqa işlər, beynəlxalq tədbirlərə dəvətlər və sair düşürdü. Səfərdə məqsədim həm haqqında beynəlxalq mətbuatda bu qədər danışılan ölkəni öz gözlərimlə görmək, həm də eyni xalqı iki fərqli idarəçilik, iki fərqli rejim və seçimin haralara gətirə biləcəyini müşahidə etmək idi. Şimali Koreyadan sonra isə Cənubi Koreyaya getdim və ilk təəssüratım bu oldu ki, iki ölkə arasında 40-50 illik inkişaf fərqi var. Bütün bunlar bir daha göstərdi ki, ölkənin idarə edilməsindən, rəhbərliyindən, seçdiyi xarici siyasət kursundan çox şey asılıdır. Əgər Şimali Koreyada olanda oranın 70-80-ci illər Sovet İttifaqını xatırlatdığını düşünürdümsə, Cənubi Koreya hava limanından qalacağım mərkəzə gedənə qədər “Seul ABŞ-ın hansısa ştatını, hansısa böyük şəhərini xatırladır” düşündüm. Viza proseduruna gəlincə, bu proses çox sadədir. Bakıdan pasportun surətini elektron poçtla göndərirsən və Çində sərhəddə vizanı götürürsən. İki cür viza verirlər. Biri pasporta yapışdırmaqla - bunun üçün Şimali Koreyanın Pekində, yaxud Şengendəki diplomatik təmsilçiliyinə getmək lazımdır. Digəri isə turist kartı adlanan vizadır və ölkədən çıxdıqda turistdən geri alınır.
- Sizə ünvanlanan suallar içərisində, orada internet varmı, insanlar şəxsi avtomobil ala bilirmi, istifadə olunan telefon markaları hansılardır, icazəsiz hər yerdə çəkiliş aparmaq olarmı və sairlə bağlıdır. Bu sualları geniş cavablandırmanızı xahiş edirik. Bütövlükdə turistlərə hansı qadağalar qoyulurdu?
- Ölkədə internet yalnız dövlət rəsmiləri üçün və müəyyən qurumlarda açıqdır. Özlərinin xəbərləşməsi və kommunikasiya üçün isə daxili mobil operator və daxili internet mövcuddur. Bələdçilərimiz öz yaxınları, yaxud sürücülər öz dostları ilə mobil telefonlardan istifadə edərək danışırdılar. Mən ora gedənə qədər düşünürdüm ki, orada Yaponiya, yaxud Cənubi Koreya istehsalı olan avadanlıqlar, məhsullar görməyəcəyəm. Ancaq bizə fotolarını çəkməyi yasaqladıqları mərkəzi univermaqda Yaponiya və Cənubi Koreya istehsalı olan çox sayda avadanlıqlar satılırdı. Şəxsi avtomobil almaq qadağandır. Yalnız dövlət qurumlarında çalışanların istifadə etdikləri xidməti avtomobillər var və bələdçilərimiz bildirdilər ki, bəzən dövlət özü də adi vətəndaşlara avtomobil hədiyyə edir. Ancaq kiminsə özünə avtomobil alması mümkün deyil. Foto çəkilişinə qadağa bir hərbi obyektlərlə bağlı idi, bir də nə qədər təəccüblü də olsa, ziyarət etdiyimiz çox müasir, təmirli, işıqlı muzeylərdə oldu. Mən sonda Şimali Koreya turizm qurumunun rəsmilərinə bunun doğru yanaşma olmadığını bildirdim. İnsanlara kasıb, yoxsul, təmirsiz, geridə qalmış yerləri çəkməyə icazə verib, çox müasir binaları çəkməyə qadağa qoymağın dünyada Şimali Koreya ilə bağlı mənfi imic yaratdığını söylədim. Onlar bunu müzakirə edəcəklərini, gələn səfərlərimizdə bəlkə də bu qadağanı dəyişəcəklərini dedilər.
- Kim ailəsinə Azərbaycandan hədiyyələr göndərildiyini qeyd etmisiniz, maraqlıdır, həmin hədiyyələr nələrdir?
- Kim ailəsinə dünya ölkələrindən göndərilmiş bütün hədiyyələr bir neçə böyük binadan ibarət möhtəşəm saraylarda saxlanılır. İlk sarayın mərkəzində dünyanın hansı ölkələrindən hədiyyələr gəldiyini göstərən xəritə var. O xəritədə Azərbaycanın da qarşısında işıq yandığını görüb, dərhal hədiyyələri axtarmağa başladım. Ancaq hədiyyələr mərkəzi salonda deyildi, biz otaqları bir-bir gəzməyə davam edirdik. Çindən, Rusiyadan, Zimbabvedən, Suriyadan, dünyanın bir çox ölkəsinin rəhbərlərindən, CNN, Assoşieyted Press, Türk Hava Yolları kimi qurumlardan və s. hədiyyələr vardı. Hədiyyələrin saxlandığı otaqlar 7-8 metr hündürlükdə zalları, mərmərlə bəzədilmiş, uzun və geniş dəhlizləri olan binalarda idi. Ziyarətimiz bitəndə Azərbaycanın hədiyyəsini görmək istədiyimi dedim. Onlar bildirdilər ki, o hədiyyə digər binadadır və xeyli yerimək lazım gələcək. Bir az isrardan sonra 20-30 nəfərlik qrupla həmin binaya getdik, oranı açdırdıq və 10-12 otaq keçdikdən sonra Azərbaycanın hədiyyələrinin nümayiş etdirildiyi otağa daxil olduq. Orada “Gabarit co Ltd” rəhbəri və Azərbaycanın Çin Xalq Respublikasındakı səfirinin adından iki hədiyyə vardı. Səfirin hədiyyəsi Bakının görüntüsü olan, yağlı boya ilə çəkilmiş rəsm əsəri idi. Digər hədiyyə isə xüsusi bəzədilmiş nərd taxtası və zərlər idi. Sarayda Stalinin Kim Çen İrə hədiyyə etdiyi gülləkeçirməz “Zim”, “Zis” avtomobillərindən tutmuş, Putinin hədiyyə etdiyi silahlara qədər maraqlı hədiyyələr vardı.
- Şimali Koreya səfərindən sonra Cənubi Koreyaya gəldiniz. İki fərqli sistemi qısaca necə müqayisə edərdiniz?
- Cənubi Koreyada hava limanında ilk təəssüratım belə olmuşdu ki, əgər Azərbaycan 2018-ci ildədirsə, Şimali Koreya 1978-1988-ci illərdə, Cənubi Koreya isə 2038-ci illərdədir. Şimali Koreyada olanda özümü Rusiyanın bir kiçik əyalətində, yaxud SSRİ dövründə bir şəhərdə hiss edirdimsə, Cənubi Koreyada, Seulda isə bayaq qeyd etdiyim kimi, sanki ABŞ-ın hansısa ştatında, Boston kimi bir şəhərində hiss edirdim. Küçələrdə qaydalar, işarələr, nəqliyyatın təşkili, ticarət mərkəzləri, binaların quruluşu və bir çox şey ABŞ-ı xatırladırdı. Ərazi baxımından bir-biri ilə qonşu olan, etnik baxımdan uzun ortaq tarixi olan iki ölkənin seçdiyi iki xarici siyasət xətti, iki fərqli idarəçiliyi eyni milləti iki fərqli yerə aparmışdı. Doğrusu, səfər səbəblərimdən biri də bu fərqi görmək və insanlarımıza göstərmək idi.
- Bir az da təhsil sistemi barədə danışardınız, məktəblərdə hansı əcnəbi dillər tədris olunur? Abituriyentlərin özəl və ya xarici universiteti rahatlıqla seçmək şansları varmı? Olduğunuz kitabxanalarda oxucular üçün hansı kitablar təklif edilirdi?
- Biz bir orta məktəbdə və Pxenyanın mərkəzi kitabxanasında olduq. Orta məktəbdə şərait çox pis olsa da, şagirdlərin həvəslə əllərini qaldırıb dərs danışması, üzlərindəki ifadədən oxumağa həvəsli olduqları görünürdü. Özü də bu bizə göstərilən otaqlarda deyildi. Mən arada ayaqyoluna getmək bəhanəsi ilə qrupdan ayrıldım, müxtəlif otaqlarda keçirilən dərslərə pəncərədən baxdım və gördüm ki, təkcə bizə göstərilən otaqlarda yox, adi dərsin davam etdiyi otaqlarda da eyni həyəcan, maraq var. Mərkəzi kitabxanada isə milyonlarla kitab var və onların arasında xarici dillərdə olan sadə kitablarla yanaşı, müxtəlif sahələr üzrə dərin elmi kitablar da vardı. Xüsusilə tibb, mühəndislik barədə rus, ingilis, fransız, ispan dillərində kitablar da təklif edilirdi. Orada müxtəlif ölkələrin musiqilərini dinləmək üçün mərkəz də fəaliyyət göstərirdi. Biz binada olduğumuz zaman bir neçə zalda pulsuz xarici dil dərsləri keçirilirdi. Ora könüllü gedən şimali koreyalılar arasında məktəb və universitet yaşlarında olanlar kimi, yaşlı nəslin nümayəndələri də vardı.
- Orada hansı dildə təmas qururdunuz?
- Daha çox ingilis dilində. Ancaq yaşlı nəsil arasında rus dilində də rahat danışan çox insanla qarşılaşdıq. Qatarda gələndə rus dilində danışan xeyli Şimali Koreya vətəndaşı vardı və onlarla rahat danışırdıq. Kitabxana, muzeylərdə çalışanlar arasında isə alman, ispan, fransız dillərini bilənlər də vardı və onlar həmin turistlərə öz dillərində məlumatlar verirdilər.
- ABŞ-ın Şimali Koreyaya yeni sanksiyaları barədə bir neçə gündür mediada yazılır. Sanksiyaların Koreya Xalq Demokratik Respublikasına nə kimi təsiri var?
- Sanksiyalar Şimali Koreyanın elitasına ciddi zərbə vurmayıb. Biz olduğumuz lüks istirahət mərkəzlərində Koreyanın hakim partiyasının siyasi elitasının ailə üzvləri istirahət edirdilər. Sanksiyalar daha çox sadə əhaliyə ciddi zərbə vurub. Onların xüsusi ilə enerji və bunun nəticəsində də qidalanma, kənd təsərrüfatı ilə bağlı problemləri var. Evlərin isidilməsi, əkinçilikdə texnikanın hərəkəti üçün benzin və digər məsələlərdə ciddi problemləri var. Onlar bu sanksiyalardan xilas olmaq üçün alternativ həll yollarını axtarırlar.
- Bəxtiyar, son vaxtlar ardarda maraqlı ölkələrə, eləcə də çoxlarının arzusunda olduğu Şimali Koreyaya getdiniz. Bəs Donald Tramp prezident seçildikdən sonra ABŞ-a səfər etmisinizmi?
- Bəli, Donald Tramp prezident seçildikdən sonra bir dəfə ABŞ-a səfər etmişəm. ABŞ-da müəyyən məsələlərdə dəyişikliklər olsa da, tutaq ki, irqçilik, miqrantlara qarşı mənfi fikirlərin daha açıq ifadə edilməsi müşahidə olunsa da, ABŞ-da oturuşmuş institutlar var və onları Tramp təkcə dağıda bilməz. Donald Trampdan əvvəl gördüyüm Amerika Donald Trapmdan sonra gördüyüm Amerika ilə eyni idi.
- Sonda bir az da bu il nəzərdə tutduğunuz planlarınızdan bəhs edəsiniz. Səyahət, gənclər və təşkilatda işdən başqa nələr etməyi düşünürsünüz?
- Səfərlər mənə həm də gündəlik işlərdən ayrılıb, düşünmək imkanı verir və şəxsi planlar barədə də düşünürəm. Hazırda Bakıya qayıdıb, ciddi dəyişikliklər olmasa, Asiya və ya Avropa ölkələrindən birinə köçməyi düşünürəm.