Türkiyə kəşfiyyatının əməliyyat keçirərək 6 FETÖ komandirini Kosovadan Ankaraya gətirməsi həmin ölkədə vəziyyəti gərginləşdirib.
Teleqraf.com xəbər verir ki, Kosovo baş naziri Ramus Haradinaj Daxili İşlər nazirini və Kəşfiyyat Xidmətinin rəhbərini vəzifədən çıxarıb.
Məlumata görə, baş nazir öncə onları istefa verməyə çağırıb. Daha sonra isə səlahiyyətindən istifadə edərək hər iki şəxsi özü vəzifədən azad edib.
Kosova Prezidenti Haşim Taci də türk kəşfiyyatının həyata keçirdiyi əməliyyatla bağlı öncədən məlumatlı olmadığını deyib.
Kosova baş nazirinin ofisindən isə bildirilib ki, 6 türk vətəndaşının ölkədə yaşamaq icazəsinin ləğv edilməsi, həbs olunması və gizli şəkildə Türkiyəyə deportasiyası baş nazirin məlumatı və icazəsi olmadan həyata keçirilib.
Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı Kosovada bu ölkənin kəşfiyyat qurumu ilə birlikdə əməliyyat keçirib, FETÖ-nün 6 komandiri saxlanılıb.
Cihan Özkan, Qəhrəman Dəmirəz, Həsən Hüseyn Günakan, Mustafa Ərdəm, Osman Qaraqaya və Yusif Qarabina xüsusi təyyarə ilə Türkiyəyə gətirilib.