Kuba inqilabının ilk illərində Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 14 min kubalı uşağı ölkədən qaçırdı. Biz qaçırılan bu uşaqlar haqqında heç vaxt məlumat ala bilmədik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Kuba sosialist inqilabının aktiv iştirakçısı, 36 il Fidel Kastronun mühafizəsinə rəhbərlik edən və Kuba kəşfiyyatının bir nömrəli adamı hesab olunan Fabian Eskalante deyib.
Kəşfiyyatçı 2016-cı ildə haber.sol.org.tr saytı üçün Havanada geniş müsahibə verərkən, bu mövzuya toxunub və maraqlı faktlar açıqlayıb.
Fabian Eskalante bildirib ki, 14 min kubalı uşağın ABŞ-a qaçırılması əməliyyatında Kuba Katolik Kilsəsi önəmli rol oynayıb:
“Bu əməliyyata Kuba burjuaziyası, oliqarxlar da dəstək verdi. MKİ isə bu əməliyyatın təşkilatçısı idi. Əvvəl Kuba inqilabi hökumətinin adından saxta bildirişlər yaydılar. Bildirişlərdə bundan sonra uşaqların valideynlərindən alınaraq dövlət müəssisələrinə veriləcəyi haqda qanun çıxdığı tirajlandı. Ailələr böyük təşvişə düşdü. 14 mindən çox uşaq bu yalanla ABŞ-a qaçırıldı. Bu əməliyyata 1960-cı ildə başlanıldı. O zaman Kuba-ABŞ münasibətləri mövcud idi. ABŞ-la Kuba arasında nəqliyyat, təyyarə reysləri normal fəaliyyətdə idi. Kilsə uşaqları guya ABŞ-da təhsil almağa, gəzməyə və kamplarda yerləşdirmək adı ilə təyyarələr vasitəsilə aparmağa başladı. İlk baxışda burada anormal bir durum yox idi. Biz bir qədər gec anladıq. Kilsənin belə bir şey edəcəyi kimin ağlına gələrdi? Üstəlik ailələr öz razılığı ilə övladlarını kilsəyə təhvil verirdi. Çünki kubalıların iliyinə qədər işləyən klassik antikommunist təbliğat öz işini görmüşdü. Yəni mülkiyyət əldən gedir, dövlət uşaqlara əl qoyacaq təbliğatı aparılır, üstəlik saxta bildirişlər yayılırdı. İnsanlar bundan tədirgin oldular. Kiçik burjuaziya, orta sinif belə bir yalana dünəndən inanmağa hazır idi və heç olmasa, uşaqlarını “xilas” etmək üçün kilsənin yalanlarına təslim oldular. Beləcə körpə uşaqların ABŞ-a qaçırılmasına həm dəstək verdilər, həm də göz yumdular. MKİ bu əməliyyatı diqqətlə və peşəkarcasına həyata keçirdi. Sonra MKİ ideoloji kampaniya ilə bu əməliyyatını ört-basdır etməyə çalışdı. Kubalı ailələr isə uşaqlarını kommunizmdən xilas etmək adı altında ABŞ-a təslim etdilər”.
Fabian Eskalante əlavə edib ki, onlar və uşaqların valideynləri heç vaxt ABŞ-a qaçırılan körpələrin taleyindən xəbər tutmayıb:
“O uşaqlar “itirildi”. Sonradan müxtəlif yollarla uşaqlarının arxasınca ABŞ-a gedən ata-anaları öz uşaqlarının izinə düşə bilmədilər. Çünki uşaqları ABŞ-da qarşılayan katolik kilsəsi onları fərqli əyalətlərə, kənd və qəsəbələrə, ABŞ-ın dörd bir tərəfinə paylaşdırmış, üstəlik sənədlərini də dəyişdirmişdi. Başqa sözlə, kilsənin arxivinə daxil olmadan, oradakı sənədlərə baxmadan, uşaqları tapmaq mümkün deyildi. Onsuz da qaçırılan uşaqlar saxta sənədlərlə ailələrə övlad olaraq verilmişdi. Beləcə, nə yeni ailəsi, nə də uşaqların özü həqiqi keçmişinə dair məlumat ala bilməzdi. Qısaca, 14 min kubalı uşaq MKİ və kilsənin birgə əməliyyatı ilə “yox” oldu. MKİ buna “Peter Pen” əməliyyatı deyirdi. Əməliyyatın maliyyə tərəfi ABŞ iş dünyası tərəfindən dəstəklənib. Bu haqda informasiyalar “məxfi informasiya” qeydi ilə dövlət arxivində saxlanılır”.
Kəşfiyyatçı əlavə edib ki, müasir dövrdə bir sıra gizli xəbərləri tam qapalı saxlamaq mümkün deyil: “Bu informasiyaların çoxunu internetdə əldə etmək mümkündür. “National Sekuruti Archives”, “Church Komisyon Raporu”nu əldə etmək olar. Bu hesabatlarda eyni zamanda Fidel Kastroya qarşı həyata keçirilən 8 sui-qəsd cəhdi haqqında detallı informasiyalar mövcuddur. Bu prosesin necə idarə olunduğu, kimlər tərəfindən maliyyə ayrıldığı, kimlərin rol aldığı və digər informasiyalarla MKİ-nin qeydlərində tanış olmaq mümkündür. Bunu maliyyələşdirənlər çox olub. Unutmayın ki, Kuba inqilabından əvvəl ölkənin milli əmlakının 90%-i əcnəbilərin əlində idi. Havanada qaz şirkəti ABŞ vətəndaşı olan Braziliyanın Kubadakı səfirinə məxsus idi. İnqilab bu mülkiyyət imkanlarını məhv etdi. Onlar da keçmiş əmlaklarını əldə etmək üçün ABŞ-ın bütün tədbirlərinə maddi dəstək verdilər. Mafiyanın da bu işlərə qarışmasının məqsədi eyni idi. Çünki mafiya Kubada bütün işlərini itirmişdi. Qumar, qaçaqmalçılıq, insan alveri artıq ortadan qaldırılmışdı. Bu səbəbdən də onlar Kubaya qarşı MKİ əməliyyatlarına təkcə maddi dəstək vermədilər, həm də qatillərini də inqilaba qarşı xidmətə verdilər. Bunlar dəhşətli hadisələr idi”.