14 İyun 2018 21:53
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP Adana millət vəkili Necdət Ünüvar Türkiyənin “Enerjinin İpək Yolu” adlandırılan Trans-Anadolu Təbii Qaz Kəməri – TANAP-la bölgənin enerji paylama mərkəzi olmaq istiqamətində daha bir tarixi addım atdığını bildirib.

Teleqraf.com xəbər verir ki, N.Ünüvar açılışı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Petro Poroşenko və digər çox sayda yüksək çinli dəvətlinin iştirakı ilə Əskişəhərdə düzənlənən mərasimlə gerçəkləşdirilən TANAP-ın bölgənin ən strateji layihələrindən biri olduğunu vurğulayıb.

TANAP-ın 10 milyard dollar dəyəri, 1850 kilometr uzunluğu ilə Orta Şərq və Avropanın ən uzun təbii qaz boru xətti olduğunu vurğulayan N.Ünüvar, “20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən kəmərlə ilk mərhələdə illik 16 milyard kubmetr təbii qaz daşınacaq. Bunun 6 milyard kubmetri Türkiyə istehlakçılarına çatdırılacaq, 10 milyard kubmetri Avropaya göndəriləcək. Bundan başqa TANAP Xəzər hövzəsindən Avropaya qədər kəmərin keçdiyi ölkələrin rifahını təmin edəcək”, - deyib.

Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı etimada söykənən əlaqələrin nəticəsi olaraq həyata keçirilən layihənin təbii qazla yanaşı sülh və əmin-amanlığın da daşıyıcısı olacağını qeyd edən N.Ünüvar daha sonra deyib:

“Əskişəhərdə tarixə şahidlik etdik. Türkiyə bu layihə ilə bölgənin enerji paylama mərkəzi olmaq istiqamətində daha bir tarixi addım atdı. Heç bir alternativi olmayan TANAP onun yolunun üzərindəki ölkələrə rifah gətirməklə yanaşı Avropa ilə Xəzər hövzəsi arasında güclü bağ yaranmasına vəsilə olacaq. Başda prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev olmaqla layihənin gerçəkləşməsində əməyi keçənlərə təşəkkürümü çatdırır, layihənin bütün bölgə ölkələri üçün xeyirli olmasını təmənna edirəm”.


Müəllif: Səxavət

Oxşar xəbərlər