Fələstin-İsrail problemi iki ölkənin anlaşmasından keçir.
Teleqraf.com xəbər verir ki, bu fikirləri İordaniya kralı II Abdulla ABŞ Prezidenti Donald Trampla müzakirə zamanı deyib.
İordaniya mətbuatı bildirir ki, Kralla ABŞ prezidenti arasında telefon danışığı olub.
Əsasən bölgədəki durum, sabitlik və sülhün əldə edilməsi, Fələstin-İsrail probleminin həlli yolları müzakirə edilib.
İordaniya Kralı bildirib ki, problemin həlli iki dövlətin razılığa gəlməsindən keçir. Kral tərəflərin sülh danışıqlarına yenidən başlamasını və bunun üçün cəhdlərin artırılmasını vacib sayıb.
ABŞ prezidenti isə qeyd edib ki, Vaşinqton Yaxın Şərqdə sülh planı ilə bağlı irəliləyişi dəstəkləyir.
İranla nüvə proqramına dair 2015-ci ildə əldə edilən razılaşmadan ABŞ-ın birtərəfli çıxması da müzakirə mövzusu olub.