15 Avqust 2014 11:22
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CXP) sədr müavini Məhərrəm İncə vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, M.İncə özünün Twitter səhifəsində bu barədə yazıb: “Cənab sədr qurultayı çağıracağını açıqlayıb. Mən də ən qısa zamanda sədr müavinliyi vəzifəsindən istefamı irəli sürəcəyəm. Qurultayımız gənclərimizə, uşaqlarımıza, gələcəyimizə ümid olsun”.

M.İncə mətbuat konfransında “Marş söyləmədən ölmək bizə yaraşmaz” fikirlərini söyləyib.

Qeyd edək ki, müxalifətin prezident seçkilərində vahid namizədi Ekmeleddin İhsanoğlu uduzduğuna görə bir neçə CXP deputatı, o cümlədən M.İncə partiya sədri Kamal Kılıçdaroğlunu istefaya çağırıb. Onlar təcili surətdə K.Kılıçdaroğlunun qurultay çağırılmasını tələb ediblər.

Dünən isə K.Kılıçdaroğlu partiyanın qurultayını çağıracağını deyib: “Narahat olmasınlar, qurultayı çağıracağam. Qurultayın tarixi barədə dostlarla müzakirə aparandan sonra qərar verəcəyik. Mətbuat konfransı keçirən CXP üzvlərinə söylədim ki, qurultay çağırılmasını istəyirsinizsə, imza toplayın, dərhal qurultay çağırım. Amma görünür, imza toplamaq üçün çətinlik çəkəcəklər. Bizim partiyamız bu ölkəyə demokratiya gətirən partiyadır. Çox səsli-küylü müzakirələr aparırıq, amma partiyada nizam-intizam olduğunu hamı bilməlidir. Cənab İncə mətbuat konfransında partiya sədri olmaq istədiyini açıqlayıb. Onun bu istəyindən məmnunam. Bir partiya üzvünün sədr olması barədə istəyi olduğunu ifadə etməsi partiyamızın və demokratiyamızın ənənəsində var. Mən heç bir vaxt “niyə sədrliyə namizəd oldun, mən burda otururam” deyə fikir irəli sürməmişəm. Bunu demək heç doğru da deyil. Əgər qurultayda yeni sədr seçiləcəksə, bu, demokratik şəraitdə keçəcək. Heç bir partiya üzvünə zəng edib demərəm ki, “mənə səs verin”. Hər qurultay nümayəndəsinin azad şəkildə, öz iradəsi ilə səs verməsini istəyirəm. Başqa namizədlər də ola bilər, olsa birgə yarışacağıq”.

Bundan başqa K.Kılıçdaroğlu Məhərrəm İncəni sədr müavini vəzifəsindən azad etməyəcəyini də açıqlamışdı.

Nərgiz


Müəllif: