Avropa Birliyi (AB) liderlərinin Brüssel zirvəsində Türkiyəyə miqrant və qaçqınlarla bağlı vəd edilmiş 3 milyard avroluq yardım paketinin icrası haqda qərar verilib.
Teleqraf.com-un məlumatına görə, AB liderlərinin toplantısında birgə düşərgələrin qurulması və miqrasiya problemlərinin həlli üçün birlikdə hərəkət edilməsi razılaşdırılıb.
Liderlərin 9 saatlıq müzakirələrinin sonunda imzalanmış ortaq açıqlamada qeyd edilib ki, qurulan qaçqın düşərgələri çərçivəsində yenidən yerləşmə və paylanma kimi addımlar ölkələrin könüllüyü əsasında həyata keçiriləcək.
Türkiyəyə suriyalı qaçqınlar üçün verilməsi planlaşdırılan 3 milyard avroluq yardım paketinin ikinci mərhələsinin icrası qərara alınıb.
Afrika köç layihələrinə isə 500 milyon avro ayrılacaq.
Qeyd edək ki, Türkiyəyə maliyyə yardımının ikinci mərhələsinin müzakirələri zamanı İtaliya buna qarşı çıxıb. Miqrant axını səbəbindən ciddi problemlərlə üzləşən İtaliya Türkiyəyə dair qərara blok qoyub. Ancaq sonradan aparılan müzakirələr nəticəsində İtaliya bu mövqeyindən geri çəkilib.