3 İyul 2018 10:09
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Sinqapura səfər etdiyi zaman özü ilə birlikdə xüsusi daşınan səyyar tualet aparıb.

Çünki o, səhhəti ilə bağlı problemlər ortaya çıxmasını istəməyib. Stalinin Moskvaya səfəri zamanı Çin lideri Maonun nəcis və sidiyini xüsusi laboratoriyada analizdən keçirmək barədə göstərişini, habelə MOSSAD-ın Hafiz Əsədin sidiyini əldə edərək İsraildə analizdən keçirdiyini yada salsaq, Kim Çen İnin haradasa haqlı olduğunu düşünmək olar.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, Tramp ilə Kim Çen İnin görüşü tarixi bir görüş, dünya siyasətində sanki yeni bir mərhələnin başlanğıcı kimi təqdim edilsə də, əslində bu, Reyqan ilə Qorbaçovun məşhur görüşü kimi həyəcanlı və dünyanın şərtlərini dəyişdirəcək bir həmlə olmadı:

“1985-ci ildə Cenevrədə başlayan, Moskva və Vaşinqtonda davam edən, sonralar baba Buşun Maltada qatıldığı görüşlə davam edən proses orta mənzilli nüvə raketləri və strateji silahların azaldılması haqda anlaşma ilə başa çatdı. Demokratikləşmə adına başlayan “perestroyka” siyasəti sonda SSRİ-nin dağılmasını sürətləndirdi.

Tramp isə onunla qarşıdurmada olan Keç Çen İnlə görüşərək “böyüklük” göstərdiyi üçün Nobel Sülh mükafatına namizəd göstərilir. Üstəlik Tramp və Kim Çen Şimali və Cənubi Koreya arasında sülhün əldə edilməsi üçün niyyət protokolu imzalasa da, Şimali Koreyanın nüvə silahı siyasəti ilə bağlı ortada qəti plan mövcud deyil”.

Sinqapurda baş tutan Tramp- Kim Çen İn görüşü zamanı hansı ərzaqlardan istifadə edildiyi, liderlərin nə yediyi isə kəşfiyyatın əsas diqqət mərkəzindədir.

Daha çox diqqəti çəkən detallardan biri də Kim Çen İnin konvoyunda təmsil olunan səyyar ayaqyolu olub. İddiaya görə, Pxenyan lideri Şimali Koreyada da fabrik, zavod, hərbi hissələri ziyarət edərkən, daima bu səyyar ayaqyolundan istifadə edir. Ümumi ayaqyolundan istifadədən imtina edən Kim Çen İn bununla sağlamlığını qorumağa çalışır.

Ancaq Kim Çen İnin Sinqapur görüşünə bu səyyar ayaqyolunu gətirməsinə səbəbi “dəyərli informasiya”ların xarici kəşfiyyat xidmətinin əlinə keçməsinin qarşısını almaq olub. Onsuz da Kim Çen İnin qəbul etdiyi yüksək kalorili yeməklər səbəbindən aşırı kökəlməsi, nikotindən asılılığı bəllidir. Ancaq belə “dəyərli” informasiyaların xarici kəşfiyyatın əlinə keçməsi və onun hərtərəfli analizi səbəbindən şəxsin yüksək təzyiqi, şəkəri, hətta xərçəng kimi xəstəliyin müəyyən olunması, sonradan bunun açıqlanması mümkündür. Üstəlik qarşı tərəfin bu informasiyanı bazarlıq zamanı “kozır” kimi istifadə etməsi versiyası da inandırıcıdır.

Keçmiş sovet agenti İqor Aramanenko iddia edirdi ki, Stalin xarici dövlət adamlarının zəif və güclü tərəflərini ortaya çıxarmaq, onların səhhəti haqqında dəqiq informasiya əldə etmək, psixoloji portretlərini müəyyən etmək məqsədilə Moskvaya səfər edən şəxslərin nəcis və sidiyinin müayinəsi üçün məxfi laboratoriya qurub:

“O günlərdə SSRİ kəşfiyyatının xüsusi dinləmə cihazları yox idi. Şəxsi informasiyaları əldə etmək üçün bu üsuldan istifadə olunurdu. Laboratoriyalara rəhbərliyi Lavrenti Beriya həyata keçirirdi. Məsələn, nəcisdə yüksək miqdarda triptofan amin turşusu aşkar edildikdə belə nəticəyə gəlinirdi ki, demək şəxs soyuqqanlı və səmimidir. Yox, əgər kalium çatışmazlığı varsa, deməli şəxs həyəcanlı və yuxusuzdur. Çin lideri Maoya 1949-cu ildə Moskvaya səfər zaman kanalizasiya deyil, xüsusi boruları olan tualet hazırlandı. 10 gün Moskvada qalan Maonun nəcis və sidiyi analiz olundu. Stalindən sonra Xuruşov bu proyektə son qoyaraq məxfi laboratoriyanı qapatdı”,- İqor Aramanenko deyib.

Tualet casusluğunun yaxın tariximizdə misalları çoxdur. 1999-cu ildə İordaniya Kralı Hüseynin cənazə mərasimi zamanı MOSSAD Ammanda Suriya lideri Hafiz Əsədin sidiyini əldə etmək üçün İordaniya kəşfiyyatı ilə müştərək şəkildə özəl ayaqyolu hazırlayıb. Əsədin sidiyini əldə edən MOSSAD onu analiz üçün İsrailə aparıb. İnfarkt olan Əsədin şəkər və xərçəng olduğu, həyatda çox yaşamayacağı müəyyən edilir. Bundan bir il sonra, 2000-ci ildə baba Əsəd vəfat edir.

Əsədin sidiyinin oğurlandığı, onun xəstəliyi haqqında informasiya mətbuata çıxdıqdan sonra dönəmin İsrail baş naziri Ehud Barakın sözçüsü mətbuata “Hafiz Əsəd həyatda olduğu dönəmdə bir razılaşma əldə edilməlidir. Hafiz Əsəddən sonra nələrin olacağını bilmirik. Suriya qan gölünə dönə bilər” açıqlamasını vermişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər